Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Könüllülər ili”: Gəncliyin potensialından səmərəli istifadə imkanı

19 may 2020 | 16:00

Bildiyimiz kimi, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə  “Könüllülər ili” elan olunub.

Respublikamızın inkişaf dinamikasının hazırkı tempi və mahiyyəti fonunda bu Sərəncam  zamanında verilən düzgün qərardır.
Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını nəzərə alaraq verilən bu qərar könüllülük fəaliyyətinin daha da təşviqi məqsədi daşıyır. Sərəncamda da vurğulandığı kimi, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qeyd olunan könüllülük fəaliyyəti həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Ölkəmizin son illərdə dünyanın könüllülər hərəkatının mərkəzinə çevrildiyini nəzərə alaraq, bu fəaliyyətin mahiyyətinə ekskurs etmək yerinə düşərdi.
Beynəlxalq internet resurslarında qeyd olunur ki,  “könüllülük”- öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında dünyanı gözəlləşdirməyə  çalışan insanların sayı on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı və həyata keçirilməsi qismində  həm dövlət orqanları,  həm dövlət büdcəsindən maliyyələşən təşkilatlar, həm  yerli özünüidarə orqanları, həm də  qeyri-hökumət təşkilatları iştirak edə bilər. Könüllülük fəaliyyəti insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir.
Könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir. Səsləndirilməsi nisbətən çətin olan altruizm əxlaqi prinsipi əslində insan olmanın əsasını təşkil edən mühüm humanizm müddəalarındandır. Fransız filosofu Oqüst Kont tərəfindən irəli sürülən altruizm- başqa adamlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir. Eqoizmin əksi olan altruizmin mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir. Məhz bu aspektdən yanaşdıqda könüllülüyün əslində birbaşa humanizmə xidmət etdiyini görə bilərik. Əsasən gənc nəslin üstünlük verdiyi bu fəaliyyət növü xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün əvəzedilməzdir.
İnsanların könüllü olmasının səbəbləri müxtəlifdir. Bu sırada şəxsi səbəblər, cəmiyyət üçün faydalı işlər reallaşdırmaq həvəsi, həyatında dəyişiklik etmək arzusu,  özünün cəmiyyətdə lazım olduğunu hiss etməsi, özünü inkişaf etdirmək, lider olmaq,  yeni dostlar qazanmaq, müxtəlif qruplarda, eyni cür düşünən insanlarla görüşmək, hər hansı problemin həllində iştirak etmək, təcrübə toplamaq, özünü ifadə edə bilmək, özünü doğrultmaq, vaxtını faydalı keçirmək, bir qrup halında fəaliyyət göstərmək  və sair yer alır.
Prezidentin imzaladığı məlum Sərəncamda vurğulanır ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılaraq normativ hüquqi baza təkmilləşdirilib və  dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.
Xatırladaq ki, 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul olunmuş və ölkə Prezidenti tərəfindən imzalanmış “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu bu fəaliyyətin hüquqi əsaslarını yaradıb. Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunda nəzərdə tutulduğu kimi,  könüllü fəaliyyətin əsas istiqamətlərinə əsasən  əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği;  hüquqi və mədəni maarifləndirmə;  uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;  idmanın inkişafı;  ətraf mühitin mühafizəsi;  tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri daxildir.
Könüllülük cəmiyyətdə  insanlar arasındakı sosial əlaqələrin mükəmməl şəkildə formalaşmasında, yeni ali dəyərlərin meydana gəlməsində, qarşıya çıxan problemlərin fərqli çözüm yollarının ortaya çıxmasında çox mühüm rol oynayır.
Bu gün ölkə həyatının bir çox sferasında özünü doğruldaraq ümummilli hərəkata çevrilməyi bacaran könüllülük cəmiyyətimizin bütün təbəqələrinə nüfuz edərək gənclərin yaşam tərzi kimi diqqəti çəkir. Son illərdə ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranaraq  mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər.
Prezidentin məlum Sərəncamında da könüllülərimizin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşü ilə fərqləndiyi təqdirlə qeyd olunaraq onların qoşulduqları fəaliyyətə yeni nəfəs gətirdiyi vurğulanıb. Məlumdur ki, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllü gənclərin fəaliyyəti əvəzsiz rol oynayıb.
Bütün bu sadalananlar respublikamızda könüllülük fəaliyyətinin daha yüksək müstəviyə qalxdığını və ölkəmizdə aktiv gənclərdən ibarət güclü potensiala malik könüllülər ordusunun yetişdiyini bir daha sübut edir.
Dövlət başçısının müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı,  gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək  məqsədlərini də özündə ehtiva edir.
Prezidentin bu Sərəncamı bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə  verilən ali dəyərdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş  dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi hazırda  dövlət siyasətinin prioritet istiqamətlərindəndir.  Bu da öz növbəsində respublikada könüllülük hərəkatının yeni bir inkişaf modeli kimi təşəkkül tapmasına şərait yaradıb. Hazırda ölkədə aparılan islahatların mərkəzində də gənclər dayanır.
Prezident İlham Əliyev könüllülük fəaliyyətinə həmişə xüsusi əhəmiyyət verir. Könüllü kimi fəaliyyətə başlayan hər hansı gənc gələcəyin uğurlu kadrıdır. Vaxtilə könüllülük fəaliyyətinə başlayan gənclərin çoxu hazırda dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışırlar. Həmin gənclər hələ könüllü ikən  onların qarşısında duran əsas məqsədin müstəqil Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi olduğunu bilərək hazırda müxtəlif dövlət vəzifələrində də məhz bu amalla fəaliyyət göstərirlər.
Məlum  Sərəncam bu il gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında yeni nəfəs və innovativ düşüncənin  bərqərar olması üçün yaradılan şansdır, əlverişli fürsətdir. Yeni ideya müəllifi olan hər bir vətənpərvər gənc bu əlverişli fürsətdən həm öz gələcək karyerasının, həm də dövlətimizin inkişafı üçün yararlana bilər.
Prezident İlham Əliyev çıxışlarında həmişə gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir.  Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi  məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyidir.

Keçidlər