Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNLİ MƏKTƏBLİLƏR NÖVBƏTİ “ÖLKƏMİZİ TANIYAQ” MAARİFLƏNDİRİCİ TUR-AKSİYASINA QOŞULUBLAR

14 noyabr 2018 | 16:00

Yüksək səviyyədə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya 14-17 noyabr  tarixlərində keçiriləcəkdir.
Həmin tur-aksiyaya daşkəsənli məktəblilər də qoşulub. Onlar Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqlar.
Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş tur-aksiyanın təntənəli yolasalma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə rəhbərləri, müəllimlər, valideynlər, rayon ictimaiyyəti nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov yolasalma mərasimində çıxış edib. O, çıxışında deyib:
- Dövlətimizin Başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar gözəl ənənə halı almışdır.
Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur.
Ötən dövrlər ərzində 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilmiş və ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20 min 254 nəfər iştirak etmişdir.
Noyabr ayının 14-17-si və 18-21-i tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76  şəhər və rayondan 3 min 190 nəfərin iştirakı nəzərdə tutulmuşdur ki, bununla da, iştirakçıların sayı 23 min 444 nəfərə çatacaqdır.
Həmin turlara Daşkəsən rayon ümumtəhsil məktəblərinin şagirdləri də böyük həvəslə qoşulmuş, onlar ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə tanış olmuş, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını əyani şəkildə görmüşlər.
Bu gün tam qətiyyətlə deyilməlidir ki, ölkə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün sahələrində parlaq uğurlar, qələbələr qazanılmışdır. Azərbaycan kimi gənc bir ölkənin iqtisadi cəhətdən dünyada  güclənməsi və onun ictimai-siyasi sabitlik nümunəsinə çevrilməsi müstəqil dövlətimizin dünyada baş verən siyasi gərginliklər kontekstində ən böyük uğurudur.
İndi Azərbaycan tək Cənubi Qafqazın deyil, bütövlükdə yerləşdiyi regionun ən nüfuzlu söz sahiblərindən biridir. Regionda reallaşdırılan böyük transmilli layihələrdə Azərbaycanın öz payı və öz sözü vardır. Azərbaycanın siyasi çəkisi artıq o həddə yüksəlib ki, hazırda o, nəhəng dövlətlər arasında baş verən siyasi anlaşılmazlıqların nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirir.
Ölkəmizin iqtisadi müstəqilliyi onun digər sahələrdəki uğurlarının da əsasında dayanır. 
Azərbaycan dünya səviyyəli beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. Biz artıq dünya miqyasında idman ölkəsi kimi tanınırıq. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyirlər.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də “Formula-1” yarışlarını misal göstərmək olar. Bütün bunlara möhtərəm Prezident cənab İlham Əliyevin idmana göstərdiyi dövlət qayğısı sayəsində nail olunub.
Azərbaycandakı mövcud  ictimai-siyasi sabitlik lazımınca  dəyərləndirilməlidir.  Başa düşməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın  gərgin səyləri hesabına  yaradılmış bu  ictimai-siyasi sabitlik ailələrimizin, gənclər və uşaqlarımızın təhlükəsiz və xoşbəxt həyatının, müstəqil Azərbaycan dövlətinin isə hərtərəfli  inkişafının əsas təminatıdır.
Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Siz şagirdlərə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü ilin mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan mənfur Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat veriləcəkdir.
Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün onun layiqli siyasi davamçısı möhtərəm Prezident cənab  İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir.  Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlar, “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması hər birimizi qürurlandırır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Möhtərəm Prezident, Ali Baş Komandan  cənab İlham Əliyevin əzmi sayəsində gündən-günə daha da güclənən güclü Azərbaycan Ordusu  qürur mənbəyimiz, fəxarət ünvanımızdır.
Bu barədə məlumatlar siz məktəblilərin vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir.
Ekskursiya zamanı sizlər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqsınız. Diqqətə çatdırılacaqdır ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən dünya şöhrətli Prezident cənab İlham Əliyevin iştirakı ilə 2017-ci ilin sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə əfsanəvi “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. Bu yeni müqavilə, o cümlədən də  TAP və TANAP layihələrinin uğurla icra olunması həm də xarici nüfuzlu tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha da göstərir.
İstifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı  ölkəmiz üçün təkcə iqtisadi deyil, həm də böyük geostrateji əhəmiyyət daşıyır. Möhtərəm Prezident cənab İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Şagirdlərimiz bütün bu layihələr barədə məlumatlandırılacaqlar.
Cari ilin sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peyki orbitə buraxılmışdır. Bu beynəlxalq  əhəmiyyətli layihənin həyata keçirilməsi münasibətilə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev xalqımızı təbrik edərək demişdir: “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir... Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik. Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır”.
2018-ci ilin doqquz ayı ərzində də ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmışdır. Belə ki, möhtərəm Prezident cənab İlham Əliyev 12 xarici ölkəyə səfər etmiş və 15 dövlət və hökumət başçısı Azərbaycana gəlmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, 2018-ci ilin avqustun 12-də Aktauda Beşinci zirvə toplantısında  Xəzər dənizinin hüquqi statusuna dair Xəzəryanı beş ölkə tərəfindən Azərbaycanın da milli maraqlarının əksini tapdığı Konvensiya qəbul edilmişdir. Bu əlamətdar tarixi sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitində əhəmiyyətli dərəcədə əlamətdardır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz tibbi müayinələrə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara daimi qayğısı böyük məmnunluq hissi ilə qarşılanır.
  Rayonumuzdan “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici turlara şagirdlərin yola salınması və onların qarşılanması hər zaman Rayon İcra Hakimiyyəti rəhbərliyinin, Təhsil Şöbəsi işçilərinin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük ruh yüksəkliyi və təntənəli surətdə keçirilir.
Bu gün də həmin ənənəyə uyğun olaraq 20 nəfər şagirdimizi növbəti 10-cu tur aksiyaya  təntənəli surətdə yola salırıq.
Sizlər növbəti “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın cənub bölgəsinin cənnət guşələri olan Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqsınız.
Ekskursiya tur çərçivəsində  bölgənin adət-ənənələri, ləzzətli mətbəxi, təbiətinin gözəlliyi, Xan Lənkəranın “Nənələr” folklor rəqs ansamblı, zəngin meşələri, gözəl dənizi, qonaqpərvərliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız.
Gedəcəyiniz rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, gənclər mərkəzləri, Olimpiya kompleksləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq sizin dünyagörüşünüzdə silinməz izlər buraxacaqdır. Hər şeydən əvvəl unudulmamalıdır ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Dövlət Başçımız çox hörmətli cənab İlham Əliyevin siz gənc nəslə olan daimi diqqət və qayğısından irəli gəlir.
Sizlərə gedəcəyiniz cənub bölgəsində keçirilən tur-aksiyada uğurlar, bol-bol xoş təəssüratlar və mənalı istirahət arzulayırıq.
  Mərasimdə çıxış edən müəllimlər və valideynlər yaradılmış yüksək şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarının bildirərək qeyd ediblər ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən belə tur-aksiyalar çərçivəsində şagirdlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanırlar. Bu da yeniyetmələrin sağlam vətənpərvər gənclər kimi yetişmələrində mühüm rol oynayacaqdır.
Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 20 nəfər şagirddən ibarət qrup xüsusi avtobusla Lənkəran şəhərinə yola düşüblər.

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı

 

 

Keçidlər