Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ XOCALI SOYQIRIMI QURBANLARININ ƏZİZ XATİRƏSİ DƏRİN HÜZNLƏ YAD EDİLDİ

26 fevral 2018 | 16:00

Daşkəsəndə Xocalı faciəsinin iyirimi altıncı ildönümü ilə bağlı ümumrayon anım tədbiri 26 fevral tarixində rayon ictimaiyyəti fəallarının iştirakı ilə İcra Hakimiyyətinin iclas zalında keçirildi. 
Tədbir  Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev anım tədbirində çıxış etdi. O, çıxışında dedi:
– 26 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırım törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid qurban vermişdir.
Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri  keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə köməkliyi ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. Əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.
Həmin gecə dinc mülki əhali, uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Yalnız təsadüflər nəticəsində bir qrup Xocalı  sakini tarixə şahidlik etmək üçün sağ qala bildi.
Xocalı soyqırımı nəticəsində 613 nəfər qətl edildi, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu, 1275 nəfər girov götürüldü. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qoca, şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlar idi.
Son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə tarixi Azərbaycan torpaqları hesabına xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya  və soyqırım kimi cinayətlər törətmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş və öz dədə-baba torpaqlarından didərgin salınmışlar.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı  əsassız ərazi iddiaları yenidən baş qaldırmışdır. 1988-1989-cu illərdə 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi Ermənistandakı tarixi torpaqlarından deportasiya edilmiş, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan – qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir.
İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən, Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 90-cı illərin əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşamış olduqları 7 rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulmuş, on minlərlə adam qətlə yetirilmiş və şikəst edilmişdir. İşğal zonasında yüzlərlə şəhər və kənd, minlərlə ictimai-mədəni tikili, təhsil və səhiyyə müəssisələri, tarixi-mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək,  misli görünməmiş vandalizm aktına məruz qalmışdır.
Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiyməti Ulu Öndərimiz Heydər Əliyev verib. Belə ki, 1994-cü ildə Azərbaycan xalqının ümummilli liderinin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib. Həmin qərarla fevral ayının 26-sı Xocalı soyqırımı və Milli Matəm  günü kimi qəbul olundu, bu barədə bütün beynəlxalq təşkilatlara bildirildi, Azərbaycan xalqının haqq səsi çatdırıldı. 
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı çox hörmətli cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda bu soyqımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq iş aparılır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə təşkil edilən və faciənin həqiqətlərinin yayılmasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində işləri daha da sürətləndirib, səmərəsini artırıb, xalqımızın başına gətirilən bu faciəni və Ermənistanın işğalçı dövlət olduğunu dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayıb. Belə ki, hal-hazırda ondan çox xarici ölkə və ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tam və ya parlament səviyyəsində qətliyam kimi tanıyıb. 
Bildiyiniz kimi artıq uzun müddətdir ki, Xocalı həqiqətlərinin dünyada təbliği işində Azərbaycan və  Türkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərirlər. Fevralın 20-də qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısındakı çıxışı zamanı Azərbaycanın bu haqq işinə böyük dəstək verib. Türkiyə Prezidenti öz çıxışında bütün dünyaya səslənərək deyib: "Xocalı faciəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb.  Dünyada hər fürsətdə demokratiyadan, insan hüquqlarından bəhs edib Xocalı qatillərinə hökm kəsən və ya bununla bağlı çıxışlar edən bir ölkə gördünüzmü? Görə bilməzsiniz. Çünki türkə, müsəlmana gələndə onların gözləri, qulaqları və vicdanları qapanır. Onlar görməz, duymaz, hiss etməzlər. Amma hər kəs unutsa da, biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq”.
Xocalı faciəsi qan yaddaşıdır və bu faciəni Azərbaycan xalqı heç vaxt unutmayacaqdır.
Bir vacib məsələ ilə bağlı bildirmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlətimizin Başçısı  2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik cümhuriyyət yaradıldığını diqqətə çatdıran ölkə Rəhbərimiz çıxışında deyib ki, bu respublikanı Azərbaycan xalqı yaratdığına görə hər birimiz fəxr edirik. Bununla  bir daha bütün dünyaya nümayiş olunmuşdur ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır.
  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi, həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir.
Azərbaycan xalqının müqəddəratında taleyüklü əhəmiyyətə malik hadisələrin də hər birinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların da 100 ili tamam olur. Azərbaycan xalqının milli müqəddəratı ilə birbaşa bağlı olan bu faciənin 100 illiyinin qeyd edilməsi, həm də torpaqlarımızı bu gün də işğal altında saxlayan Ermənistanın işğalçılıq tarixinin mahiyyətini geniş ictimaiyyətə çatdırmaq imkanıdır.
Milyonlarla həmvətənlilərimiz kimi biz daşkəsənlilər də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini ulu öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən ölkə başçısı çox hörmətli cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürük.
Xalqımız, o cümlədən  də biz daşkəsənlilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırıq.
Birmənalı olaraq bir daha da əminliklə bildiririk ki, Xocalı soyqırımının günahkarları, xüsusilə qətliyamın əsas iştirakçılarından biri olan Serj Sarkisyan öz layiqli cəzalarını alacaq və cinayət məsuliyyətinə cəlb olunacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz. Bu qanlı faciə təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliyam deyil, o həm də bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu nitqindən sonra tədbirdə iştirak edən digər natiqlər də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş və bu amansız soyqırımın qurbanına çevrilmiş dinc, günahsız soydaşlarımızın keçdiyi məşəqqətli həyat yolundan söhbət açıb faciənin ağır nəticələri, sağalmaz yaraları, cinayətkar və işğalçıların öz layiqli cəzalarını almaları istiqamətində hər birimizin üzərinə düşən məsuliyyət və vəzifələr haqqında çıxışlar etdilər.
Qeyd edək ki, Xocalı soyqırımının 26-cı ildönümünün Daşkəsən rayonunda qeyd edilməsi münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə silsilə anım tədbirləri keçirilmiş, rayon sakinləri təşkil olunan anım tədbirlərində erməni vəhşiliyinə, ötən əsrin ən amansız soyqırımına öz kəskin etirazlarını bildirmişlər.


Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər