Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə sahəsində metodiki toplantı keçirilmişdir

13 sentyabr 2017 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 sentyabr 2017-ci il tarixdə Daşkəsən Rayon Mədəniyyət Mərkəzində mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə metodiki toplantı keçirilmişdir.
Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik Məhəmməd Tağıyevin və Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası sədrinin müavini Elmar Əliyevin apardığı metodiki toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinifləri üçün hazırladığı mülki müdafiə fənninin proqramı, məşğələ cədvəlləri, proqramda nəzərdə tutulmuş mövzular üzrə plan konspektlər və elektron tədris vəsaitləri müəllimlərə paylanmışdır.
Toplantıda əsas diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilmişdir. Müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilmişdir.
Tədbir iştirakçılarına fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə maraqlı mühazirələr oxunmuşdur. Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilmiş ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə quraşdırılmış proyektor və ekranlar vasitəsilə Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında nazirliyin müxtəlif struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilmişdir. Şərh edilmiş mövzular ətrafında fəal diskussiyalar aparılmış və müəllim heyətinin çoxsaylı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər