Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu

13 noyabr 2020 | 16:00

Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi...

Xalqımıza qalibiyyət sevincini yaşadanlar


Bu qələbənin altındakı imzanın müəllifi isə İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi inkişaf strategiyasının ən böyük uğurlarından biri ordumuzun döyüş qabiliyyətinin artırılmasıdır. Ermənistanla aparılan 26 illik danışıqlar prosesi ilə paralel olaraq Azərbaycanda ordu quruculuğu intensiv şəkildə həyata keçirildi. Döyüş qabiliyyətinin yüksəldilməsi üçün yalnız kəmiyyət deyil, keyfiyyət dəyişikliklərinə üstünlük verildi. Uzun illərdir ki, Azərbaycan dünyada müasir döyüş imkanlarına malik ölkə kimi tanınır. İndiyə kimi keçirilmiş paradlarda, 2016-cı ilin Aprel döyüşlərində hər birimiz ordumuzun döyüş gücünü görüb fərəhlənmişdik.

44 günlük Vətən müharibəsi də ilk gündən müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı.


Ardı 2-ci səh.


Cəbhənin elə bir istiqaməti olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Prezident İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: "Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.


Şəhidlərin xatirəsi

daim uca tutulacaq


Onu da xatırladaq ki, İlham Əliyev əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda - sentyabrın 29-da Mehriban xanım Əliyeva ilə birlikdə yaralanmış hərbçilərlə görüşmüşdü. Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandanın Mehriban Əliyeva ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar hərbçilər oldu. Bu, Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibətinin, onlara yüksək diqqətinin növbəti təcəssümüdür.

Dövlət başçısının Vətən müharibəsində əldə edilən parlaq qələbədə hərbçilərin zəhmətini və fədakarlığını xüsusi qeyd etməsi, onların müalicəsi və xəstəxanadan sonrakı həyatı üçün bütün lazımi tədbirlərin görüləcəyini elan etməsi, hətta onlardan tibbi maskaları çıxarmağı xahiş edərək hamının bu qəhrəmanları üzdən tanımasını istəməsi Ali Baş Komandan kimi İlham Əliyevin hərbçilərə olan dərin hörmətini, həssas və olduqca səmimi münasibətini ifadə etdi.

Bu tarixi qələbənin qazanılmasında hərbçilərimizin yüksək vətənpərvərlik hisslərinə, döyüş əzminə malik olmaları böyük rol oynadı. Döyüşlər başa çatandan sonra Ermənistan mənbələri etiraf etdilər ki, Azərbaycan Ordusunun gücü qarşısında erməni əsgərlər cəbhənin bütün istiqamətlərində qaçıblar, kütləvi şəkildə fərarilik ediblər. Bəli, Azərbaycan əsgəri düşmənin üzərinə ölümdən belə çəkinmədən hünərlə, cəsarətlə yürüdü. Bu yolla şəhidlik zirvəsinə ucaldı.

Vətən yolunda şəhid olanların əziz xatirəsi daim uca tutulacaq, onların ailə üzvləri həmişə yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar. Onu da qeyd edək ki, Şuşanın azad edilməsi xəbərini Ali Baş Komandan məhz Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri ilk eşitməyə məhz şəhidlərin haqqı kimi yanaşmışdı.

Qələbənin tarixi aspektləri


44 günlük müharibədə Azərbaycanın qələbəsi bir neçə aspektdən də öz möhtəşəmliyi ilə tarixi əhəmiyyət daşıyır. Ən mühüm məsələlərdən biri odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən həmvətənlərimiz artıq məcburi köçkün deyillər. Yaralı hərbçilərlə görüşdə Prezident İlham Əliyev bunu həm həmin insanların, həm də özünün həyatında ən xoşbəxt anların təzahürüdür adlandırdı. Bu, həqiqətdir ki, yurd nisgili ilə yaşayan məcburi köçkünlər hər zaman bu ifadədən xilas olmaq istəyiblər və müzəffər Ali Baş Komandan İlham Əliyev onların bu arzusunun həyata keçməsini təmin etdi.

Qələbənin digər mühüm tərəfi ondan ibarətdir ki, bütün dünya Azərbaycanın gücünə və Ermənistanın rəzil duruma salınmasına şahidlik etdi. Müharibələrdə kapitulyasiya aktının imzalanması olduqca mühüm hadisədir və tarix boyu unudulmur, xatırlanır. Necə ki, faşist Almaniyasının kapitulyasiyası üstündən 75 il keçsə də xatırlanır. Sonunda İlham Əliyevin şərtlərini qəbul edərək məğlubiyyət aktına imza atan baş nazir N.Paşinyan Ermənistanın və bütün erməni xalqının tarixinin ən biabırçı səhifəsini yazdı.

Bu qələbənin əsas mühüm tərəfi Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edir. Döyüşlərin ilk günündən dünya erməniliyi Azərbaycana qarşı təzyiq rıçaqlarını işə saldı, BMT-də qətnamə qəbul etmək istədilər, İlham Əliyevə davamlı zənglər olundu. Hətta Prezidentdən müsahibə alan bəzi xarici KİV təxribatçı sualları ilə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirdilər.

Prezident İlham Əliyevin yaralı hərbçilərlə görüşdə dediyi kimi, 44 gün ərzində nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın. Lakin Azərbaycan Prezidenti bu müddətdə əvvəldən axıra kimi bütün dünyaya nümayiş etdirdi ki, onu və xalqımızı haqq yolundan döndərmək mümkün deyil. Bu baxımdan Vətən müharibəsində qələbə həm də Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, qalib dövlət kimi imicinin yüksəlməsinə böyük töhfə oldu.

Bu qələbə ilə Azərbaycan bütün dünyada erməni yalanlarını darmadağın etdi. Onsuz da beynəlxalq ictimaiyyət saxta erməni təbliğatına əvvəlkitək inanmırdı. Ermənistanın kapitulyasiyası isə "məzlum erməni xalqı” obrazına vurulan ən böyük zərbə oldu. Kapitulyasiyanı həmişə məğlub olan işğalçılar elan edirlər. Bu baxımdan dünya gördü ki, faşist Almaniyası ilə indiki Ermənistanın heç bir fərqi yoxdur.

Prezident İlham Əliyev xarici KİV-ə müsahibələrinin birində bildirmişdi ki, biz Qarabağ müharibəsini yox, döyüşləri uduzmuşuq. Bu zəfərlə İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycanın müharibədə uduzması mümkün deyil. Beləliklə, artıq Cənubi Qafqazda yeni siyasi reallıq və dövr yaranıb. Bu reallığa imza atan lider isə Azərbaycanı qalib edən İlham Əliyevdir. Yeni dövrün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Keçidlər