Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan bayrağı artıq Qarabağda dalğalanır

07 noyabr 2020 | 16:00

Bayraq dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir, onun özünütəsdiq simvoludur. Bayraq millətin kimliyinin, təfəkkür və düşüncə tərzinin ən dəqiq mənəvi ölçü meyarıdır. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir, azadlığın rəmzidir…

Tariximizə dərin ehtiramın nümunəsi


Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən Azərbaycan bayrağı bu deyilənlərin hər birini öz rənglərində vüqarla, iftixarla daşıyır. Xalqımızın azadlığını, suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü tərənnüm edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən böyük tərənnümçüsüdür. Təsadüfi deyil ki, dövlət bayrağı bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzidir.

Azərbaycanın zəngin dövlətçilik tarixində hər birinin şərəfli yeri olan bütün dövlətlərimizin müxtəlif rəmzləri sırasında bayraq əsas yeri tutub. Müasir Azərbaycan dövlətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin gün hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul olunub. 1920-ci ilin aprel ayınadək üçrəngli bayrağımız rəsmi dövlət rəmzi statusuna malik olub. Həmin ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra üçrəngli bayrağımız milli suverenliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Bayrağımıza olan dərin sevginin, onun uca tutulmasının göstəricisidir ki, noyabr ayının 9-u - üçrəngli bayrağımızın ilk dəfə Cümhuriyyət Hökumətinin iclasında qəbul edildiyi gün Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu tarixin təqvimə Dövlət Bayrağı Günü kimi həkk olunması Prezident İlham Əliyevin dövlətçilik ənənələrimizə və tariximzə olan dərin ehtiramının nümunəsidir.

Heydər Əliyev bayrağımızı Naxçıvanda ucaltdı

Müasir müstəqillik və dövlətçilik tariximizdə üçrəngli Azərbaycan bayrağının yenidən ucaldılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqilliyimizin elan olunmasından bir il əvvəl, hələ sovet hakimiyyətinin mövcud olduğu dövrdə Ulu Öndər Heydər Əliyev böyük cəsarətlə Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı.

Məlum olduğu kimi, 30 il əvvəl - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması və siyasi fəaliyyətini davam etdirməsi respublikamızda milli dirçəliş hərəkatını yeni mərhələyə yüksəltdi. Naxçıvandan başlanan bu proses qısa vaxtda ölkəmizin ictimai-siyasi mühitində böyük hərəkata çevrilməklə, Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində mühüm tarixi hadisələrin baş verməsinə səbəb oldu. Bu baxımdan Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin 1990-cı il noyabrın 17-də öz işinə başlayan sessiyası Azərbaycanın müstəqilliyinə aparan yolda tariximizin ən şərəfli səhifələrindən biridir. Məhz bu sessiya milli dövlətçiliyimizin dirçəlişi, müstəqilliyimizin bərpası prosesi istiqamətində olduqca vacib tarixi qərarların qəbul edilməsi ilə tariximizə düşüb.

Belə qərarlardan birində Ulu Öndər Heydər Əliyevin təklifi və təşəbbüsü ilə 1990-cı ilin noyabrında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. Həmin qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması və respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edildi.

Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması olduqca mühüm siyasi hadisə idi. "O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”, - deyə Ümummilli Lider bu barədə danışarkən bildirib.

Dövlət rəmzlərinə diqqətin və ehtiramın təcəssümü

Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər, mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. İdmançılarımız beynəlxalq yarışların qalibi olanda bayrağımızı başlarının üzərinə qaldırıb, himnimizi səsləndirirlər.

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir. Dövlət Bayrağı Gününün təsis edilməsi bu istiqamətdə Azərbaycan Prezidentinin verdiyi ən mühüm tarixi qərarlardan biridir.

Bakı şəhərində, Xəzər dənizinin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da İlham Əliyevin bir daha dövlətimizin rəmzlərinə diqqətinin və ehtiramının ən gözəl nümunəsi kimi tarixə düşdü. Dövlət Bayrağı Meydanının yaradılması xalqımızın milli həmrəyliyinə, vahid məfkurə ətrafında daha da sıx birləşməsinə xidmət edən mühüm addımdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

İlham Əliyev bayrağımızı Şuşada dalğalandıracaq

Bu gün hər bir azərbaycanlının arzusu torpaqlarımızın işğaldan azad edilməsidir. Artıq zaman yetişib və qədim yurd yerimiz olan Dağlıq Qarabağ azadlığına qovuşmaqdadır. Hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəlir. Ermənistanın illərdən bəri möhkəmləndirdiyi, keçilməz hesab etdiyi istehkamlar, ön xətt mövqeləri çoxdan darmadağın edilib.

Artıq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları işğaldan azad edilib. Xocavənd və Tərtər rayonlarının kəndləri də daxil olmaqla, ümumilikdə bu rayonlar üzrə 200-dən artıq yaşayış məntəqəsi azad olunub. İranla dövlət sərhədi boyu nəzarət təmin edilib. Bəli, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlıda artıq Azərbaycan bayrağı dalğalanır. O cümlədən qədim tariximizin və zəngin dövlətçiliyimizin tərənnümçüsü, milli kimliyimizin təsdiqi olan Xudafərin körpüsündə bayrağımız sancılıb. Azərbaycan əsgərlərinin azad edilmiş ərazilərimizdə ucaldılmış bayrağımızın fonunda Ali Baş Komandan İlham Əliyevə məruzə etmələri hər bir azərbaycanlını fərəhləndirir, riqqətə gətirir.

Azərbaycan Ordusu müzəffər yürüşünü hər gün daha inamla və zəfərlə davam etdirir. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin sırasına hər gün yeni kəndlər əlavə olunur. Qorxmaz əsgərlərimizin qarşısında duruş gətirə bilməyən düşmən xilas üçün kimlərəsə yalvarsa da, heç nə Azərbaycanı öz yolundan saxlaya bilməyəcək. Qarabağın tam azad edilməsinə az qalıb. Şanlı ordumuz ən qısa vaxtda öz vəzifəsini bütünlüklə yerinə yetirəcək və Azərbaycanın ərazi büövlüyünü təmin edən Ali Baş Komandan İlham Əliyev bayrağımızı Şuşada dalğalandıracaq.


İradə ƏLİYEVA,
"Azərbaycan”

Keçidlər