Zəylik kəndində vətəndaşların səyyar qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə vətəndaşların səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbulların məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən V.Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Zəylik kəndində keçirilib.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və məsul işçiləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinləri son günlər yağan leysan yağışları və təbii fəlakət zamanı qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin təmir olunmasına kömək, ərazidə sahibsiz otarılan mal-qaranın biçənək sahələrinə zərər vurmasının qarşısının alınması, Quşçu-Zəylik və kənddaxili avtomobil yollarının əsaslı təmir olunması, tibb məntəqəsinin açılması, mədəniyyət müəssisələrinin dam örtüyünün təmiri, təbii qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına və göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.