“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində su ehtiyatlarından və elektrik enerjisindən səmərəli istifadə mövzusunda növbəti maarifləndirmə aparılıb
Sentyabrın 26-da Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, “Daşkəsən” Elektrik Şəbəkəsi və rayon üzrə Təhsil Sektoru ilə birgə Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbdə su ehtiyatlarından və elektrik enerjisindən səmərəli istifadə mövzusunda növbəti maarifləndirici görüş keçiriblər.
Tədbir “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 4.4-cü və 4.8-ci bəndlərinin icrası məqsədi daşıyıb.
Qeyd olunub ki, Azərbaycanda da mövcud olan su problemləri, insan həyatı və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, sudan istifadə sahəsində yeni qənaətcil texnologiyaların tətbiqi və su itkilərinin qarşısının alınması barədə məktəblilərin məlumatlandırılması və maarifləndirilməsi, həmçinin müəllim və metodistlərin bu istiqamətdə biliklərinin artırılması vacibdir.
Görüşdə məktəblilərə “Daşkəsən rayonunda sudan səmərəli istifadəyə dair həyata keçirilən tədbirlər”, “Yaşıl enerji”, “Məişətdə elektrik enerjisindən qənaətlə istifadə üsulları” mövzularında praktik məlumatlar çatdırılıb. Sudan və enerjidən düzgün istifadə etməklə təbii sərvətlərin tükənməsinin, israfçılığın və ekoloji problemlərin yaranmasının qarşısını almağa töhfə verəcəyimiz, eyni zamanda ailə büdcəmizə qənaət edə biləcəyimiz vurğulanıb.
Sonda şagirdlərin sualları cavablandırılıb və məlumatlandırıcı bukletlər paylanıb.