“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən rayonunda elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsinə dair bir sıra tədbirlər həyata keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsinə dair bir sıra tədbirlər həyata keçirilib.
Bu məqsədlə Daşkəsən RİH-i rayon Elektrik Şəbəkəsi ilə birgə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə “Bərpa olunan enerji mənbələri” mövzusunda görüş təşkil edib. Maarifləndirici görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətdə Azərbaycanda görülən işlərdən bəhs olunub, həyata keçirilən layihələr, prioritetlər və gələcək hədəflər barədə məlumat verilib. 2024-cü ilin ölkə başçısı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və Azərbaycanın COP 29-a ev sahibliyinin həm bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, həm də müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratdığı qeyd edilib. Həmçinin şagirdlərin gələcəkdə ixtisas seçimi zamanı yaşıl enerji və enerji səmərəliliyi kimi istiqamətləri də nəzərdən keçirmələrinin sahənin dayanıqlı inkişafına töhfə verə biləcəyinə diqqət çəkilib. Görüşdə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı ilə yanaşı, su və enerji kimi resurslara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə məlumatlar təqdim olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsinə dair məlumatlandırıcı materiallar rayonda ictimai yerlərdə əhali arasında paylanılıb, maarifləndirici söhbətlər aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi istiqamətdə həyata keçirilən tədbirlər Daşkəsəndə mütəmadi olaraq davam etdiriləcəkdir.