“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Çovdar” qızıl yatağının ətrafında növbəti ağacəkmə aksiyası keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən “Çovdar” qızıl yatağının yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bölgənin yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın təmin edilməsinə töhfə verilməsi məqsədilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin 50 nəfər əməkdaşı iştirak edib. 1 hektar ərazidə yerli şəraitə uyğun 1000 ədəd cökə ağacı əkilərək, aqrotexniki qaydada qulluq göstərilib. Həmçinin tədbir çərçivəsində ərazidə müvafiq abadlıq işləri aparılıb.
Xatırladaq ki, “AzerGold” QSC fəaliyyətinin təmin edilməsində prioritet sahələrdən biri elan etdiyi ətraf mühitin mühafizəsinə ardıcıl və sistemli dəstək göstərir. Bugünədək QSC tərəfindən “Çovdar” yatağı və cinahlarda yerləşən qızıl mədənlərinin yaxınlığında yerli şəraitə uyğun 15 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb. Həmçinin Daşkəsən rayonunda nadir və nəsli kəsilməkdə olan bitki növlərinin, eyni zamanda biomüxtəlifiyin qorunması məqsədilə çoxsaylı təşəbbüslər həyata keçirilib. Ötən il QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrinə dəstək olan ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Səhmdar Cəmiyyət tərəfindən cari il də bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.