Yanvarın 29-da Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Yanvarın 29-da keçirilən Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclasında RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, RİH yanında İctimai Şuranın sədri Samir Həsənov, İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Daşkəsən RİH yanında İctimai Şuranın sədri Samir Həsənov gündəlikdə duran məsələləri səsləndirib və həmin məsələlər üzrə iclas iştirakçılarını müzakirələrə dəvət edib. Samir Həsənov çıxışında bildirib ki, rayonun qeyri-hökumət təşkilatlarını və vətəndaş cəmiyyətinin digər institutlarını təmsil edən RİH yanında İctimai Şura 2023-cü il ərzində 4 ümumi yığıncaq keçirmişdir. Yığıncaqlarda ilk növbədə sakinləri narahat edən sosial-iqtisadi məsələlər, qaldırılan məsələlərin həll olunması prosesi, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinin real vəziyyəti müzakirə olunmuşdur. Şura üzvləri vətəndaşlarla görüşlər zamanı İctimai Şuranın hüquq və vəzifələri barədə maarifləndirici görüşlər keçirmiş, insanları narahat edən məsələlərlə bağlı dinləmələr təşkil etmiş, onların arzu və təkliflərini öyrənmişlər. Qaldırılan məsələlər barədə dövlət qurumlarına, xüsusən, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı aparatına məlumat verilmiş və məsələlərin müsbət həllinə nail olunmasına köməklik göstərilmişdir.
Gündəlikdəki məsələ - Daşkəsən rayonunda daşınmaz əmlakın icbari sığortasına dair əhalinin maarifləndirilməsində müşahidə olunan bəzi məsələlərin həlli barəsində geniş məruzə ilə çıxış edən Şura sədri vurğulayıb ki, yüksək dağlıq coğrafi relyefə malik Daşkəsən rayonunda intensiv leysan yağışları, dolu, sel və su basması, habelə güclü külək əsməsi – qasırğa tez-tez təbii fəlakətlərə səbəb olur. Nəticədə sakinlərin yaşayış evlərinə, əmlaklarına ciddi zərərlər dəyir, əhəmiyyətli maliyyə itkiləri yaranır. Daşınmaz əmlakın təbii fəlakət, yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənir. Dəymiş ziyanların aradan qaldırılması funksiyasını iqtisadi qurum kimi sığorta təşkilatları həyata keçirir. Hər bir dövlətin sığorta sahəsini inkişaf etdirməkdə məqsədi əhalini, iş adamlarını xoşagəlməz hallar nəticəsində meydana gələn zərərlərdən müdafiəsini gücləndirməkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həmişə qeyd etdiyi kimi, Azərbaycanda sosial dövlət modeli formalaşıb. Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə formalaşmış sosial dövlət modelinin xarakterinə uyğundur. Rayonumuzda da əhəmiyyətli miqyasda təbii fəlakətlər, yanğın və digər hadisələr baş verir. Bunlar qaçılmazdır və əhalimizin rifahı baxımından ciddi fəsadlar, zərərlər yaradır. Bu zərərlərin miqyası onunla üzləşən əhali, o cümlədən iş adamları üçün ciddi maliyyə həcminə malikdir. Belə hadisələrdən irəli gələn maliyyə itkiləri ilə üzləşən vətəndaşlarımız ilk növbədə yardım üçün dövlətə, onun qurumlarına müraciət edir. Təbii ki, dövlət də özünün sosial dövlət mahiyyətinə sadiq qalaraq vətəndaşına biganə qalmır. Unutmamalıyıq ki, dövlət büdcəsinin vəsaitləri əsasən fiziki və hüquqi şəxslərin vergi ödənişləri hesabına formalaşır. Deməli, maliyyə yükü yenidən əhaliyə və biznesin üzərinə qayıtmış olur. Belə olan halda xoşagəlməz hadisələr nəticəsində yaranan zərərlər riskinin sığorta sektoruna ötürülməsi həm əhalinin, həm biznesin, həm də dövlətin maliyyə yükünün azaldılmasına imkan verir. Daşınmaz əmlakın icbari sığortası mexanizmi vasitəsilə dövlət bir tərəfdən öz vətəndaşını və iş adamını təbii fəlakətlər, yanğın və digər hadisələrdən yaranan ciddi maliyyə itkilərindən müdafiə sistemini gücləndirir, digər tərəfdən isə təbii fəlakətlər zamanı dövlətin maliyyə yükünü azaldır, vergi daxilolmalarından formalaşan dövlət büdcəsini gözlənilməz, planlaşdırılmayan xərclərlə qarşı-qarşıya qoymur. Ödənilən vergilər ictimai və dövlət xidmətlərinin fasiləsizliyinə, sosial inkişaf proqramlarının stabil olaraq maliyyələşdirilməsinə yönəlmiş olur. Bununla belə, müşahidələr göstərir ki, rayonumuzda daşınmaz əmlakın icbari sığortası tam kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını (mənzillərini) sığorta etdirməkdən yayınır. Sakinlərin çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyə həvəs göstərmir. Baxmayaraq ki, icbari sığorta müqaviləsi bağlamamağa görə cərimə də nəzərdə tutulub. Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Eyni zamanda, mənzillərin və fərdi yaşayış evlərinin mülkiyyətçilər tərəfindən vaxtında sığorta edilməsi baş verə biləcək qeyri-adi hadisələr zamanı qaçılmaz zərərlərin qarşısının alınmasında onlar üçün faydalıdır və belə hadisələr baş verdikdə lüzumsuz narazılıqlar, əlavə sosial gərginliklər yaranmaz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2014-cü il tarixli Fərmanına əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edilmişdir və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənzillərin icbari qaydada sığortalanmasına nəzarət yerli icra hakimiyyətlərinə həvalə olunmuşdur. Odur ki, bu istiqamətdə rayonda görülmüş çoxsaylı təqdirəlayiq işlərə baxmayaraq, ilin əvvəlini nəzərə almaqla RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən bu istiqamətdə işlərin günün tələbləri səviyyəsində qurulmasını daha da gücləndirmələrini tövsiyə edirik.
Sonra İctimai Şuranın üzvləri tərəfindən gündəlikdəki məsələ geniş müzakirə olunaraq müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilməsi qərara alınıb.
RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov yekun nitqlə çıxış edərək RİH ilə hər zaman sıx əlaqədə səmərəli fəaliyyət göstərdiklərinə görə İctimai Şuranın üzvlərinə təşəkkür edib, rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib.