Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən müharibəsinin şəhidi Məmmədov Elnur İsrəfil oğlunun anım günü qeyd olunub.

23 noyabr 2023 | 09:02

Gəncə şəhər Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, şəhid valideynləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. 

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov anım mərasimində qeyd etmişdir ki, Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Biz 30 il ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti və rəşadətli, güclü Azərbaycan Ordusu düşməni cəzalandırdı, torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular.

Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində düşmən diz çökdürüldü, təslim olmağa məcbur edildi. 

Ermənistanın üç il ərzində sülh danışıqları ətrafında ancaq imitasiya ilə məşğul olduğunu və bu müddət ərzində qoşun hissələrini Qarabağdan çıxarmadığını, əksinə, mina terroru həyata keçirdiyini, habelə digər təxribatçı fəaliyyət göstərdiyini diqqətə alan Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabrda Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Sentyabrın 28-də isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü ləğv etdiyini elan etdi.

V.Məmmədov daha sonra vurğulamışdır ki, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi. Zəfər Günündə abadlaşan Kəlbəcər, yenidən qurulan Şuşanın ardınca, ermənilərin separatizm yuvasına çevirib qaçdıqları Xankəndidə belə bir tədbirin yüksək səviyyədə keçirilməsi ilə Prezident cənab İlham Əliyev bir daha dünyaya dövlətin və xalqın mənafeyi naminə güc nümayişinin də, abadlıq-quruculuq işlərinin də ən mükəmməl örnəyinə müəlliflik etdiyini göstərdi. Xankəndidə qalib ordunun Zəfər paradı bütün anti-Azərbaycan qüvvələri üçün ərazi bütövlüyümüzün yekun möhürü oldu.

Dövlətimizin başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu yaşatdı. 

Anım mərasimində şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məmmədov Elnur İsrəfil oğlu 16 sentyabr 1989-cu ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. Kəşfiyyatcı Elnur Məmmədov oktyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüş zamanı düşmənin snayper gülləsinə tuş gələrək şəhid olmuşdur. Elnur Məmmədov 23.11.2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Özündən sonra iki övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Keçidlər