Vətən müharibəsi şəhidi Tacəddin Abbasovun xatirəsinə inşa edilmiş ehsan bulağının açılışı olub
İyulun 4-də Vətən müharibəsi şəhidi Abbasov Tacəddin Vüqar oğlunun xatirəsinə Pirverdilər kəndində inşa edilmiş bulağa bərpa işlərindən sonra keçirilən baxışdan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər və rayonun ictimaiyyət nümayəndələri Daşkəsən Şəhidlər Xiyabanında onun məzarını ziyarət ediblər, üzərinə gül dəstələri düzərək dualar oxuyublar.
Sonra rayonun Pirverdilər kəndində şəhid Tacəddin Abbasovun xatirəsinə inşa olunmuş bulaqda aparılan restavrasiya işləri ilə tanış olunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov şəhidin yaxınlarına Daşkəsən rayon ictimaiyyəti adından bir daha da dərin hüznlə başsağlığı verib, şəhid Tacəddin Abbasovun şərəfli həyat və döyüş yolundan söz açıb. Vüqar Məmmədov çıxışında onu da vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, Daşkəsən rayonunda da şəhid ailələri, qazilər və müharibə iştirakçıları yüksək diqqət və qayğı ilə əhatə olunaraq onların hərtərəfli sosial dəstəklə təminatı üçün genişmiqyaslı və məqsədyönlü işlər aparılır, problemləri həssaslıqla həll edilir.
Digər çıxış edənlər də şəhid Tacəddin Abbasovla bağlı xatirələrini bölüşüblər.
Şəhidin anası Həmidə Abbasova ailəsinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Abbasov Tacəddin Vüqar oğlu 2001-ci il dekabrın 10-da Daşkəsən rayonu Pirverdilər kəndində anadan olub. Əsgər Tacəddin Abbasov Vətən müharibəsində Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, şərəfli döyüş yolu keçərək şəxsi igidlik və şücaət göstərib. O, 2020-ci il oktyabrın 24-də Füzuli döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb, oktyabrın 26-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Tacəddin Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.