Vətən müharibəsi şəhidi Sərxan Məmmədovun doğum günü qeyd olunub
Mayın 9-da Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun anadan olmasının 23-cü ildönümü münasibətilə keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, digər şəhid valideynləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhid əsgər Sərxan Məmmədovun məzarına gül dəstələri düzərək xatirəsini anıblar, dualar oxuyublar.
Çıxış edənlər möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq tarixi zəfərdən, eləcə də şəhid Sərxan Məmmədovun şərəfli ömür və döyüş yolundan danışıblar.
Qeyd edək ki, Məmmədov Sərxan Sahil oğlu 2001-ci il mayın 9-da Daşkəsən rayonu Pirverdilər kəndində anadan olub. O, 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə gedib. Sərxan Məmmədov Vətən müharibəsində göstərdiyi şücaətləri ilə fərqlənib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib. Sərxan Məmmədov 2020-ci il noyabrın 3-də Xocavənd rayonunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçümüz 2020-ci il noyabrın 4-də Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilib.
Prezident cənab İlham Əliyevin Sərəncamları ilə şəhid Sərxan Məmmədov hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub
Şəhidin valideynləri ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.