Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən müharibəsi şəhidi İbrahimov Mübariz Telman oğlunun şəhadətinin üçüncü ildönümü qeyd olunub

11 noyabr 2023 | 12:29

Daşkəsən Şəhidlər Xiyabanında rayonun Xoşbulaq kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi İbrahimov Mübariz Telman oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri,şəhid valideynləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

İbrahimov Mübariz Telman oğlu 14 yanvar 1990-cı ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq hərbi qulluqçu kimi çalışırdı. Azərbaycan Ordusunun əsgəri olan Mübariz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Mübariz İbrahimov 8 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 11.11.2020-ci il tarixdə böyük izdihamla Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni və “İgidliyə görə”,  “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə", ”Xocavəndin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər