Uşaq Səfirlər Məclisinin Daşkəsən nümayəndəliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Ulu Öndərin izi ilə” adlı intellektual yarış təşkil edib
Mayın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Daşkəsən rayon nümayəndələri Nərmin Məmmədzadə və Rüfət Tarverdiyevin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Ulu Öndərin izi ilə” adlı intellektual yarış keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən müsabiqənin məqsədi xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin Müstəqil Azərbaycanın formalaşmasında çoxşaxəli nəhəng fəaliyyətinin təbliğinə və Ulu Öndər irsinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək olub.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində təşkil edilən, 9 komanda olmaqla, ümumilikdə 36 nəfər məktəblinin iştirak etdiyi bilik yarışında iştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü” və digər mövzularda biliklərini sınayıblar.
Sonda qalib komandalar sertifikatlarla mükafatlandırılıb.