Təhsildən yayınma hallarının qarşısının alınmasına dair müzakirə təşkil edilib
Sentyabrın 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Rayon Polis Şöbəsi və Təhsil Sektoru ilə birgə təşkil etdiyi müzakirədə ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, psixoloqlar və müəllimlər iştirak edib.
RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Elxan Hüseynzadə giriş nitqində bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.5.1-ci bəndində təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi tapşırılmışdır. Rayon ərazisində bu sahədə görülən işlərdən, aparılan monitorinqlərdən və nəzərdə tutulan tədbirlərdən geniş söz açan məsul katib diqqətə çatdırıb ki, rayonda təhsildən yayınma hallarının başlıca səbəblərindən biri əhalinin kənd təsərrüfatı ilə məşğul olmasıdır. Əvvəllər bəzi hallarda əsasən qızların təhsildən yayınması, həmçinin erkən nikah, əməyə cəlb olunma faktları var idisə, davamlı maarifləndirici tədbirlərin, zərurət yarandıqda əlaqəli qurumlarla və valideynlərlə sıx əməkdaşlığın nəticəsində indi bu kimi hallar nadir hallarda müşahidə edilir, həmçinin təhsildən yayınma halları geniş şəkildə azalmışdır.
Təhsil Sektorunun məsul işçisi Elməddin Allahverdiyev çıxışında qeyd edib ki, bu istiqamətdə aparılan işlərin əsas məqsədi uşaqları təhsildən yayındırmağa sövq edən halların aradan qaldırılması olmalıdır.
Müzakirədə iştirak edənlər təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, bu istiqamətdə əməli fəaliyyətin vacibliyini vurğulayıblar.
Sonda müxtəlif təkliflər irəli sürülüb və qarşıda duran vəzifələr müəyyən olunub.