Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ” MÖVZUSUNDA NÖVBƏTİ MÜZAKİRƏ KEÇİRİLİB

08 dekabr 2022 | 13:03

Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Sukanal sahəsinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda növbəti maarifləndirmə tədbiri həyata keçirilib.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev mövzu ilə bağlı çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su problemlərinin aradan qaldırılması, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq sərəncamını və bu sahədə müəyyənləşdirilmiş  2020-2022-ci illər üçün  Tədbirlər Planında icrası nəzərdə tutulan tapşırıqları diqqətə çatdırıb.

B.Verdiyev çıxışında insanın həyat və təsərrüfat fəaliyyətinin su ehtiyatlarının istifadəsi ilə qırılmaz əlaqədə olduğunu, bütün canlı orqanizmlərin yaşaması üçün suyun  əvəzedilməz şərt olaraq böyük rol oynadığını qeyd edib. Suyun səmərəli istifadə ilə davamlı inkişafa dəstək verərək eyni zamanda ciddi qlobal risklərdən qoruyan əsas faktor olduğunu bildirib, bundan sonra da ölkəmizdə ətraf mühitin, su ehtiyatlarının qorunmasında hər kəsin daha aktiv iştirak etməsini tövsiyə edib.

Dünyada şirin su ehtiyatlarının azaldığını və bunun başlıca səbəbinin qlobal iqlim dəyişikliyi olduğunu qeyd edən B.Verdiyev bildirib ki, Azərbaycan azsulu ölkələr sırasındadır və su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir.  Respublikamızın su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşır və Azərbaycana Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son 8 ildə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Buna görə də su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir. O, ölkəmizdə suya qənaət edilməsi istiqamətində görülən işlərdən bəhs edib, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəsi sudan səmərəli və qənaətlə istifadəyə çağırıb.

Daha sonra çıxış edənlər tərəfindən “Su probleminin yaranma səbəbləri”,  “Sudan səmərəli istifadə, həyata keçirilən layihələr” və digər mövzularda məktəblilərlə də görüşlərin keçirilməsi, məlumatlandırıcı onlayn vebinarların təşkil olunması, sosial videoçarxların nümayiş etdirilməsi kimi pilot layihələrin həyata keçirilməsi təklif edilib. Ekoloji təhsilin Yer kürəsində davamlı inkişafa nail olmaq, ətraf mühitə təsiri azaltmaq üçün vacib amillərdən olduğu bildirilib, bu cür tədbirlərin uşaq və gənclərin ekoloji tərbiyəsinin formalaşmasına, faydalı təcrübənin öyrənilməsinə töhfə verəcəyi qeyd olunub.

 

Keçidlər