Şəhid Haxverdiyev Novruz Əli oğlunun anım günü qeyd olunub.
Gəncə şəhər Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, şəhidin valideynləri və yaxınlarının iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov anım mərasimində qeyd etmişdir ki, xalqımız və dövlətimiz bu gün qalib millət, qalib dövlət kimi qürurlu günlərini yaşayır. Buna görə biz hamımız möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızdan düşməni qovub çıxarmış qəhrəman əsgərlərimizə, qazi və şəhidlərimizə borcluyuq.
Tarixə nəzər salsaq görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsi tariximizə şanlı Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident cənab İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-lərə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Bu gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada, Laçında, işğaldan azad edilmiş bütün digər torpaqlarımızda dalğalanır. Vaxtilə hədəf kimi qarşıya qoyulan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması bu gün artıq reallıqdır. Üç ildir tarixi sahibinə qovuşan torpaqlarımız dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır. İşğaldan azad edilmiş ərazilərimiz hazırda Azərbaycanın şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Qarabağımızın və Şərqi Zəngəzurumuzun hava qapıları dünyaya açılır. Uğurlarımızı sadalamaqla bitmir. Təbii ki, bunlar böyük qətiyyətin, illərin səylərinin, xalqımızın sabaha böyük inamla baxmasının nəticəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin düşünülmüş, məqsədyönlü, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir.
Dövlətimizin başçısı möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad, dekabrın 21-də Xankəndi stadionunda futbol matçı özündə mühüm çağırışları ehtiva etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır. Prezident cənab İlham Əliyevin oyundan əvvəl stadionda çıxışı zamanı qeyd etdiyi kimi, biz buraya qayıtmalı idik və qayıtmışıq. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Haxverdiyev Novruz Əli oğlu 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri kimi 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Novruz Haxverdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət ərazilərin minalanmış sahə və qarla örtülü olması səbəbindən nəşi tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Novruz Haxverdiyev 19 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Özündən sonra bir övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.