Şəhid gizir Orxan Cəfərlinin anım günü keçirilib.
Dekabrın 9-da Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi gizir Cəfərli Orxan Etibar oğlunun anım günü münasibətilə tədbir keçirilib.
Şəhidlərin anım günündə, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, digər şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov anım mərasimində çıxış edərək bildirmişdir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsi ilə torpaqlarımızın azad edilməsi planının praktiki müstəvidə tətbiqinə başlanıldı. Rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində həyata keçirdiyi əməliyyatlarla işğalçı ölkənin oyunlarını pozan və parlaq qələbə əldə edən möhtərəm Prezident cənab İlham Əliyevin Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi qüdrətli sərkərdə olduğunu isbatladı. Müharibənin ilk günündən Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa əməliyyatına qədər cənab İlham Əliyev Ali Baş Komandan olaraq döyüşlərə rəhbərlik etdi və Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlar cəmi 44 günlük müharibə ilə azad olundu, düşmən diz çökdürüldü.
Vətən müharibəsindən sonra ərazi bütövlüyümüz bərpa olundu, lakin erməni separatçılarının Qarabağda qalması suverenliyimizi təhdid edirdi. Ermənistan və havadarları, eləcə də Qarabağda qalan separatçılar hesab edirdilər ki, Azərbaycan azad etdiyi torpaqlarda dayanacaq, irəliləməyəcək və onlar erməni separatizminə hansısa formada “hüquq” verilməsinə nail olacaqlar da. Bu istiqamətdə bütün cəhdləri – beynəlxalq səviyyədə kampaniyanın aparılmasından tutmuş, təxribatlara qədər hər şeyi etdilər. Lakin milli maraqları hər şeydən üstün tutan möhtərəm Prezident cənab İlham Əliyevin prinsipial mövqeyi dəyişmədi. Azərbaycan nəinki Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, eyni zamanda, Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə də suverenliyini bərpa etdi.
Möhtərəm Prezident cənab İlham Əliyev Vətən müharibəsindən sonra ötən üç il ərzində bu qələbəyə doğru addım-addım irəliləyirdi.
İlk olaraq Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədlərimiz tam bərpa olundu. Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi.
Bununla da separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinə silah-sursat daşınmasının qarşısı alındı. Nəhayət, antiterror tədbirləri ilə cəmi 24 saata separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bununla “nəyi nə vaxt etmək lazım olduğunu” hər kəsdən yaxşı bildiyini bir daha nümayiş etdirdi və 44 gün üstəgəl 24 saat müddətdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi, 200 illik tarixin gedişini qələbəyə doğru çevirdi. Azərbaycanlılara qarşı soyqırımlar, qətliamlar törətmiş cinayətkarların qandallanaraq, Bakıya gətirilməsi ilə tarixi ədaləti bərpa etdi.
Artıq böyük hədəfimiz uğrunda aparılan mübarizənin bütün mərhələləri uğurla başa çatıb. İndi yeni dövr başlayır və bu dövrün yeni reallıqları, eləcə də yeni şərtləri var. Növbədənkənar prezident seçkilərinin keçirilməsi bu baxımdan da vacibdir.
Müstəqil Azərbaycan tarixində seçkilər ilk dəfə respublikanın bütün ərazilərində - Şuşada, Xankəndidə və azad edilən bütün rayonlarımızda keçiriləcək. Bu baxımdan, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olacaq. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar.
Vüqar Məmmədov çıxışında şəhid valideynlərinə, qazilərə və anım mərasimi iştirakçılara müraciətində demişdir: “Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı gələn il fevralın 7-də, əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək - sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. 2024-cü il fevral seçkisi hətta Azərbaycanın yüz illik tarixinə düşəcək bir seçki olacaq. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı yenə də dəmir yumruq kimi birlik göstərərək Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, müdrik lider, böyük diplomat, Qalib sərkərdə İlham Heydər oğlu Əliyevə səs verəcək.”
Sonra o, şəhidlərin ailələrinə rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı vermiş, qeyd etmişdir ki, şəhid gizir Orxan Cəfərlinin həyat və döyüş yoluna həsr edilən “Şəhid gizir Orxan Cəfərli” kitabının təqdimat mərasimi keçirilib. Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Daşkəsən şəhərində küçələrdən birinə şəhidin adı verilmiş, onun adı yazılmış lövhələr binalara vurulmuş, küçə istiqamətini göstərən dirək quraşdırılmışdır.
Digər çıxış edənlər də şəhidin haqqında xatirələrini bölüşüblər. Hamılıqla 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.