Şəhid Çingiz Bağırovun şəhadətə ucalmasının 30-cu ildönümü münasibətilə anım mərasimi keçirilib
1994-cü il may ayının 7-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Çingiz Bağırovun şəhadətə ucalmasının 30-cu ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbər və məsul işçilərinin, ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvləri, eləcə də digər şəhid valideynləri və qazilərin iştirakı ilə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.
Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Anım mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov qeyd etmişdir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun və "dəmir yumruğ"a çevrilmiş xalqımızın qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzü təmin etdi. Bundan sonra 2023-cü ilin sentyabr ayında birgünlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökü kəsildi, cinayətkarlar ağ bayraq qaldırdılar. Özlərinin qondarma qurumunu buraxmış elan etdilər, eyni zamanda Qarabağda yaşayan ermənilər könüllü şəkildə bu əraziləri tərk etdilər. Həmin vaxtdan etibarən Azərbaycanın suverenliyi tam və qəti şəkildə təmin edildi. Bunun ardınca möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasəti sayəsində Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl Qarabağ iqtisadi rayonundan çıxarılmasına başlanıldı. Əldə olunmuş razılıq Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxması mühüm qələbələr silsiləsində yeni mərhələ oldu. Bir daha şahidi olduq ki, cənab Prezidentin irəli sürdüyü tələblər təmin edilir, qurduğu planlar dövlətimizin milli maraqlarına tam uyğun həyata keçirilir.
Bilirsiniz ki, aprelin 19-da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına razılıq verdi.
Bu qərar sözün həqiqi mənasında çox mühüm tarixi hadisə hesab edilməlidir. Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək proseslərdir. Bu hadisə sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu və onun ilk addım məhz Qazax rayonunda atıldı. Çünki Azərbaycan delimitasiyanın konkret olaraq strateji əhəmiyyət kəsb edən bu ərazidən başlanılmasını israrla tələb edirdi və buna nail oldu. Bu həm də beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrin məkrli siyasətinin iflasa uğraması kimi dəyərləndirilə bilər. Eyni zamanda bu uğur sapı özümüzdən olan baltaların, milli dönüklərin indiyədək verdiyi bütün proqnozları alt-üst etdi.
Sonra şəhid Çingiz Bağırovun nəvələri və eləcə də təhsil aldığı Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirilib.
Şəhidin anası Xeyransa Bağırova, şəhidin həyat yoldaşı Ülkər Bağırova və şəhidin övladları onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonda ehsan süfrəsi açılıb.