“Sağlam və rasional qidalanma” mövzusunda sakinlərlə növbəti maarifləndirici görüş keçirilib
Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində 12.03.2024-cü il tarixdə Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçiləri Elmin Paşayevin, Ayaz Allahyarovun, Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının feldşeri Sakit Əhmədovun və qəsəbə sakinlərinin iştirakı ilə maarifləndirici görüş keçirilmişdir.
Tədbirdə qeyd edilib ki, əhalinin xüsusi həssas qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanması əsas məqsədlərdən biridir, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Həyat və fəaliyyətin hər sahəsində müəyyən rejim mövcuddur. Rejim insanın həyatının müəyyən olunmuş gündəliyidir. Sağlam həyat tərzinin əsas tərkib hissələrindən biri də rasional qidalanmadır. Çalışmaq lazımdır ki, qida hər gün eyni vaxtda qəbul olunsun. Qeyri-düzgün qidalanma insanın iş qabiliyyətini və orqanizminin müdafiə gücünü azaldır. Həddindən artıq qidalanma insanda ateroskleroz, piylənmə, podaqra, şəkərli diabet, poliosteoartoz, ürək və qan-damar sistemi xəstəliklərinin əmələ gəlməsinə təkan verir. Az qidalanma və aclıq qida çatışmazlığından qaynaqlanan xəstəliklərin yaranmasına səbəb olur. Davamlı şəkildə qidalanmamaq isə zülal çatışmazlığına gətirib çıxarır. Nəticədə fiziki və zehni inkişafda ləngimə, eləcə də mədəaltı vəz və qaraciyərdə dəyişikliklər müşahidə edilir. Bu kimi hallar nəzərə alınaraq, rasional qidalanma qaydalarına əməl edilməsi vacib sayılır.
Rasional qidalanma dedikdə, insanın normal həyat fəaliyyətini, yüksək iş qabiliyyətini, ətraf mühitin mənfi amillərinə qarşı müqavimətini tənzimləyən qidalanma nəzərdə tutulur. Bu qidalanma fizioloji ehtiyaclarla əlaqədar olaraq, orqanizmi zəruri qida maddələri və enerji ilə təmin edir. Normal böyümə və inkişaf üçün orqanizmin ehtiyac duyduğu zülal, yağ, karbohidrat, vitamin və minerallara olan ehtiyacını ödəyir.
Görüşdə mövzu ilə bağlı digər məlumatlar da diqqətə çatdırılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.