Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Sağlam gələcək naminə narkomaniyaya “Yox” deyək!

14 fevral 2024 | 17:52

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir.

Narkotik vasitələr dedikdə hər bir ölkənin qanunvericilik aktlarına, o cümlədən 1961-ci ildə qəbul olunmuş Beynəlxalq Vahid Konvensiyaya müvafiq olaraq, narkotik vasitələrin, psixotrop maddələrin, prekusorların siyahısında əksini tapmış, insan psixasına təsir edən və eyforiya hissi yaradan təbii və ya sintetik mənşəli preparatlar, bitkilər nəzərdə tutulur. Narkotik vasitələrin qəbulu nəticəsində xroniki intoksikasiya, tolerantlığın artması, psixi və bəzən də fiziki asılılığın əmələ gəlməsi, onlara qarşı kompulsiv (qarşısı alınmaz) meyl, psixi, somatik, nevroloji pozğunluqlar və sosial dekompensasiya ilə xarakterizə olunan ağır xəstəlik – narkomaniya yaranır. Narkomaniya yunan sözü olub, narko-bihuşluq, maniya isə asılılıq deməkdir.

            Narkotik maddələrin tarixçəsini nəzərdən keçirsək, bir ümumilik görə bilərik. Onların bəziləri qədimdən məlum idi. Qədim insanlar onlardan xəstəliklərdən və ağrılardan qurtulmaq, bəzən əhvalı qaldırmaq üçün istifadə edirdilər. Nisbətən yeni narkotik maddələrin tarixçəsi isə kimya və farmakologiyanın inkişafı ilə başlayır. Onların da bir çoxu xəstəliklərlə mübarizə yolunda sintez edilmişdir. Bir müddət sonra onların beyinə xüsusi təsiri narkodillerləri maraqlandırmış və həmin maddələrdən təbabətdən çox digər sahələrdə istifadə etməyə başlamışlar.

Narkotik maddələr insan orqanizminə müxtəlif yollarla daxil edilir: bəziləri tütün və qəlyan kimi  çəkilir, bəziləri daxilə qəbul edilir, çeynənilir, burunun selikli qişasından qana sovrulur, ən təsirliləri isə birbaşa vena daxilinə yeridilir.

            İndiki zamanda narkotik tərkibli maddələrin 100-dən artıq növü məlumdur. Adətən narkotik maddələrin bir neçə adları olur. Adların dəyişdirilməsinə baxmayaraq, bütün növ narkotik maddələrin insan orqanizminə öldürücü təsiri dəyişilməz olaraq qalır. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır.

       Bu böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir. Hər hansı bir xəstəliklə həkimlər öz sahələrində müalicə işləri görür, lazım gəldikdə radikal cərrahi üsullara əl atılır. Lakin narkomaniyanı təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.

      Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bəlli olduğu kimi bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikamızın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

      Son dövrlər daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

   1997-ci ildə Ümummilli Lider Heydər Əliyev BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımcı Komissiyasının 32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu problemin həllində ardıcıl addımlar atacağını və dünya ictimaiyyəti ilə bu məsələdə bir yerdə olacağını bəyan etmişdir. 1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” və “Psixotrop maddələr haqqında” Konvensiyalarına qoşulmuşdur.

      1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı qanunla qadağan edilmişdir.

       Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi ölkəmizdə dayandırılmır və mütəmadi xarakter daşıyır. Bu problemlə mübarizə ilə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən və  narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 3 Dövlət Proqramı uğurla icra edilmişdir.  Hazırda Prezident cənab İlham Əliyev  tərəfindən təsdiq olunmuş 2019-2024-cü illəri əhatə edən 4-cü Dövlət Proqramının icrası uğurla davam etdirilir.

       Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycan Respublikasının bugünkü münasibətini xarakterizə edir.

       Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırır. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

 

Nasir Şükürzadə

Daşkəsən rayon prokurorunun böyük köməkçisi,

III dərəcəli hüquqşünas

Keçidlər