Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşları qəbulu keçirilib. Qəbulda 14 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Rayon sakinləri fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlaq qələbə qazanması münasibətilə yüksək əhval-ruhiyyədə olduqlarını bildirərək ölkə başçısına Azərbaycan dövlətinin tərəqqisi və xalqımızın rifahı naminə yorulmaz ali dövləti fəaliyyətində möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulamışlar.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov vətəndaşlar qarşısında çıxış edərək bildirmişdir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev son 20 ildə ölkəmizi bütün sahələr üzrə davamlı inkişafın yeni keyfiyyət mərhələsinə çıxarıb. Milli maraqları hər şeydən üstün tutan cənab İlham Əliyev qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacarıb. Müasir tariximizin şanlı səhifələrini yazan dövlətimizin başçısı xalqımızın 30 illik həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və özgə torpaqlarına göz dikən düşmənin başına dəmir yumruğunu endirdi. Bununla da, tarixi zəfərin memarı olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına Qalib Xalqın Qalib Lideri olaraq əbədi yazdı.
Fevralın 7-də Möhtərəm Prezident cənab İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələri Azərbaycanın iradəsinin və gücünün nümayişidir. Bir vaxtlar separatizm yuvasına çevrilmiş Xankəndidə Azərbaycan bayrağının dalğalanması, gerbimizin asılması, Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi adama xəyal kimi görünürdü. Arzularımızı, xəyallarımızı Müzəffər sərkərdə, Prezident cənab İlham Əliyev reallaşdırdı. O, tarixi ədaləti bərpa edən, erməni saxtakarlığına son qoyan Liderdir.
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qədirbilən xalqımız böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gedərək işıqlı, xoşbəxt gələcəklərinə səs verməklə cənab Prezident İlham Əliyevlə bir daha həmrəy olduqlarını, ətrafında həmişə olduğu kimi daha da sıx birləşdiklərini göstərdilər. Daşkəsən rayonunda da növbədənkənar Prezident seçkiləri yüksək seçici fəallığı ilə uğurla başa çatmış, heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Xalqımız Ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən möhtərəm Prezidenti ürəkdən dəstəklədiyini, sevdiyini, onun güclü, qüdrətli dövlətimizin, məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyduğunu bir daha bütün dünyaya bəyan etdi.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşlar son günlər əsən güclü külək nəticəsində zərər görmüş yaşayış binalarının dam örtüklərinin təmir olunması, işlə təmin olunma, maddi köməklik, pensiya təyinatına kömək edilməsi, evinə qaz xəttinin çəkilməsi, yanacaq üçün odun verilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.