Quşçu körpüsü qəsəbəsində sakinlərlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq yerlərdə səyyar qəbullar keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul-görüşü Quşçu körpüsü qəsəbəsində keçirib.
Qəbulda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatlarının, yerli idarə və müəssisələrin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
V.Məmmədov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və Rayon İcra Hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.
Bu gün Azərbaycan dövləti yeni strateji mərhələnin məqsədlərinə doğru inamla irəliləyir. Dövlətimiz heç bir ölkənin maddi dəstəyinə, maliyyə yardımına ehtiyac duymadan yalnız öz resursları hesabına ermənilərin illərlə vandalcasına dağıdıb tar-mar etdikləri yurdlarımızı yenidən qurur, bu torpaqları dirçəldir. Şəhərlərimiz, kənd və qəsəbələrimiz genişmiqyaslı quruculuq-abadlıq tədbirləri ilə yenidən həyata qaytarılır. Qarabağ, Şərqi Zəngəzur əvvəlkindən də gözəl qurulur.
İllərdir Vətənin müxtəlif məkanlarında yurd həsrəti ilə yaşayan, təxminən 30 ilə yaxın müddətdə çox böyük əziyyətlər çəkən məcburi köçkünlərimiz mərhələ-mərhələ öz doğma ocaqlarına qayıdırlar. Onlar da dövlətimizin qurucu əllərinin tikib-abadlaşdırdığı gözəl, müasir mənzillərdə yeni həyatlarına başlayırlar.
Sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, heyvandarlığın inkişafı üçün bələdiyyə ərazisindən biçənək sahəsinin ayrılması, qəsəbədaxili avtomobil yollarının cari təmiri, yaşadığı binanın dam örtüyünün təmir edilməsi və digər şəxsi məsələlərlə bağlı olub.
Sakinlər səyyar görüş-qəbulların keçirilməsidən məmnunluqlarını ifadə ediblər, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını bildiriblər.