Quşçu kəndində sakinlərin səyyar qəbulu keçirilib.
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşların səyyar qəbulları keçirilir. Bu görüşlərdə məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonun Quşçu kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov qəbulda Müzəffər Azərbaycan Ordusu tərəfindən 19 sentyabr 2023-cü il tarixdə Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edilərək ərazilərimizdən həmişəlik olaraq çıxarıldığını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edildiyini bildirib, Ali Baş Komandan tərəfindən oktyabın 15-də terrorculardan təmizlənmiş ərazilərdə Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə, Əskəranda Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırmasından danışıb.
Əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən sonra bərpa olunan kənd və şəhərlərə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, veteranlara dövlət tərəfindən göstərilən dəstəkdən bəhs edilib.
Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinlərindən Hümbətova Zenfira Oruc qızı həyat yoldaşının işlə təmin olunmasını, Kamalov İsməli Cümşüd oğlu kəndə əlavə yeni su xəttinin çəkilməsini, Əliyev İlham Eyub oğlu mənzillə təmin olunması, məktəb direktoru Məmmədov Asif Məmmədqasım oğlu elektrik dayaqlarının dəyişdirilməsini və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.