Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə toplantı keçirib
Mayın 6-da Qərbi Azərbaycan İcmasının Daşkəsən nümayəndəliyinin Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təşkil etdiyi tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, Qərbi Azərbaycan İcmasının rayon nümayəndəliyinin üzvləri, ziyalılar, YAP fəalları, şəhid ailələrinin , qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, əziz xatirəsi ehtiramla yad olunub.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan toplantı Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Azərbaycan tarixinin 1960-cı illərin axırlarından başlayaraq otuz ildən artıq bir dövrünün hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək bildirib: “Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyətində həmişə Vətənimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrinin inkişafına xidmət etmiş, respublikamızın tərəqqisi üçün var qüvvəsi ilə çalışmışdır. Dahi şəxsiyyət Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürərək ölkəmizi tarixin ağır və sərt sınaqlarından çıxararaq bütün maneələrin dəf olunmasına, müstəqilliyimizin qorunub möhkəmlənməsinə böyük məharətlə nail olmuşdur. Bu gün qürur və iftixarla qeyd edirik ki, zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirmiş, Heydər Əliyevin arzuları reallığa çevrilmişdir. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi ilə müasir dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ başlanmış, ardıcıl nailiyyətlərə imza atılmış, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrilmişdir. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı sabitlik və sürətli inkişaf yoluna çıxarmış, məhz bu siyasət nəticəsində iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan Qələbə zirvəsinə yüksəlmişdir. Ulu Öndər Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar edilməsidir”.
Vüqar Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərin ardınca “Heydər Əliyev İli”ndə Prezident cənab İlham Əliyevin müzəffər komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir. Bu, Heydər Əliyev siyasətinin təntənəsi, Ümummilli Liderin vəsiyyətinin Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən yerinə yetirilməsidir. Prezident cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış prosesi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü Azərbaycanın etibarlı bünövrəsini formalaşdırmaqdadır.
Vüqar Məmmədov onu da qeyd edib ki, xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş torpaqlarımızda məskunlaşmadan sonra qarşımızda duran ən mühüm məsələlərdən biri gecikmiş ədaləti bərpa etmək, Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızı qovuşdurmaqdır. Qərbi Azərbaycana qayıdış dövlət siyasətimizdə mühüm yer tutur. Tarix boyu erməni vəhşiliyinin qurbanına çevrilmiş soydaşlarımızın kütləvi şəkildə deportasiyası Azərbaycan tarixində dərin və sağalmaz yaralara səbəb olmuşdur. Hələ 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisindən hissə-hissə və planlı şəkildə soydaşlarımız öz tarixi torpaqlarından deportasiya olunmuş, tarixi-memarlıq incilərimiz erməni vandalizminin qurbanına çevrilmişdir. Uzun illər bu cinayət əməlləri sistemli hal almışdır. Təkcə 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilmişdir. Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir. Yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın etnik mənsubiyyətinə xas olan yaşayış məntəqələrinin, çayların, göllərin, dağların adları saxta erməni toponim adları ilə dəyişdirilmişdir. Qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək məqsədi daşıyan və bu sahədə fəaliyyətin əsas istiqamətlərini müəyyən edən sənəddir. Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Ölkə başçımızın 2022-ci il dekabrın 24-də öz doğum günündə Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə yeni icma binasında görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Həmin görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Artıq bu hədəflər uğrunda mübarizə başlanıb.
Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Duman Abbasov isə çıxışında deyib: “Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır" sözləri ilə xalqımızın iztirablarını dilə gətirən Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna bütövlükdə Azərbaycan xalqının mənafeyi və ədalət prinsipindən çıxış edərək böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndər Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirmişdir. Prezident Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də verdiyi Fərman, ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnu təsbit etməsi və onlara göstərdiyi sosial dəstək Qərbi azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq”.
Duman Abbasov vurğulayıb ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir.
Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Duman Abbasov çıxışında həmçinin Qərbi Azərbaycan İcmasının gördüyü işlər, “Qayıdış Konsepsiyası”nın müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, İcmanın rayon nümayəndəliyinin fəaliyyəti, ölkə üzrə şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın təşkilatlanması prosesinin daha da intensiv hal alması, o cümlədən İcmanın Daşkəsən rayonu üzrə nümayəndəliyi üçün ayrılmış iş otağı barədə ətraflı məlumat verib.
Çıxış edən Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov deyib ki, xalqımızın və ölkəmizin xoşbəxt gələcəyi üçün Ulu Öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi, bu irsin qorunub gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının mənəvi borcu və şərəfli vəzifəsidir.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədli filmə baxış keçirilib.