Milli Məclisin deputatı Kamran Bayramov Daşkəsən rayonunda vətəndaşları qəbul edib
Milli Məclisin deputatı Kamran Bayramov Daşkəsən şəhərində, Quşçu və Bayan kəndlərində sakinlərlə görüşüb.
Seçicilərlə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin vətəndaşların problemlərini öyrənməyə və vətəndaş məmnunluğuna xidmət etdiyini bildirib.
Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, bildirib ki, 1918-ci il mayın 28-də şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Kamran Bayramov onu da diqqətə çatdırıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş müdrik siyasətin layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsi nəticəsində Qalib, Müstəqil Respublikamız daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilmişdir.
Görüşdə Milli Məclisin deputatı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin öz səlahiyyətləri çərçivəsində həll edilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.