“Məişət zorakılığı və onunla mübarizə” mövzusunda növbəti maarifləndirmə keçirilib
Sentyabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığı və onunla mübarizə” mövzusunda keçirilən növbəti maarifləndirici tədbirdə Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filalının, rayon üzrə Təhsil Sektorunun əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daşkəsən rayon Bayan kənd M.Mustafayev adına tam orta məktəbdə təşkil olunan tədbirdə zorakılığın formaları, məişət zorakılığı, məişət zorakılığının subyektləri, yaratığı fəsadlar və onunla mübarizə yolları barədə ətraflı məlumat verilib. Habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələbləri, Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığından zərərçəkmişə verilən mühafizə orderi haqqında danışılıb, məişət zorakılığının tibbi-psixoloji nəticələri izah edilib və qarşısının alınması üçün respublikamızda görülən zəruri tədbirlərə nəzər salınıb.
Daha sonra mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.
Tədbirin sonunda RİH tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb.