KORRUPSİYAYA QARŞI BİRGƏ MÜBARİZƏ APARAQ!
Korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Korrupsiya cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.
Ölkəmizdə reallaşdırılan sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Prezident cənab İlham Əliyev çıxışlarında ölkəmizin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasının, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirib. “Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq-mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətlərini davam etdirməlidirlər. İnzibati tədbirlər də görülür və görüləcəkdir. Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumların korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.
Beləliklə, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər intensiv xarakter alıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. İlk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib, “qaynar xətt” sistemi yaradılıb. Fəaliyyətində ciddi nöqsanlara yol verən bir sıra qurumların nümayəndələrinə qarşı görülən tədbirlər, o cümlədən bəzi nazirliklərin rəhbər şəxslərinin, rayon icra hakimiyyəti başçılarının həbs edilməsi ölkəmizdə korrupsiyaya qarşı mübarizənin hərtərəfli xarakter daşıdığını göstərir. Lakin korrupsiya və rüşvətxorluğun tamamilə aradan qaldırılması üçün vətəndaşların bu işdə dövlətlə həmrəylik nümayiş etdirməsi mühüm amillərdən biridir.
Qeyd edək ki, respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Şübhəsiz ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər.
Cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq!
Nasir ŞÜKÜRZADƏ
Daşkəsən rayon prokurorunun böyük köməkçisi,
III dərəcəli hüquqşünas