ÖLKƏMİZDƏ KORRUPSİYAYA QARŞI APARILAN MÜBARİZƏ İQTİSADİ İSLAHATLARIN MƏNTİQİ DAVAMIDIR
Bu gün ölkəmizdə istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarında çox böyük struktur və kadr islahatları aparılır, idarəetmədə yenilik, operativlik, çeviklik yaradılır. Xüsusilə, kadr islahatları – gənclərə geniş meydan verilməsi, onlara etimad göstərilməsi xalqımız tərəfindən böyük razılıqla qarşılanır. Bütövlükdə, islahatlar ölkəmizin bütün sahələrində əsaslı dönüş yaradıb. Korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə islahatların bir növ məntiqi davamıdır. Korrupsiya və rüşvətxorluq ümumbəşəri bəladır və dünyada daim buna qarşı ciddi mübarizə aparılsa da, hələ də kökü kəsilmir. Azərbaycan isə artıq bu mübarizədə nümunəvi dövlətə çevrilir.
Kimliyindən asılı olmayaraq, dövlət məmurlarına güzəşt olunmaması, korrupsiya və rüşvətə aludə olmuş vəzifəli şəxslərə qarşı sərt tədbirlərin görülməsi xüsusi vurğulanmalıdır. Dövlət başçısının korrupsiya və rüşvətxorluqla mübarizənin getdikcə sərtləşdirməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına verdiyi önəm hər bir ölkə vətəndaşının ürəyincədir. Bu sahədə mühüm uğurlar əldə edilsə də, insanları narazı salmağa yönəlmiş mənfi halların hələ də təkrarlanması faktları müşahidə olunmuşdur. Dövlətimizin başçısının dəfələrlə söylədiyi: “Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır” fikrindən hər kəs nəticə çıxarmalıdır. Təəssüf ki, bəzi məsul vəzifə sahibləri öz fəaliyyətlərində hələ də maddi maraq müqabilində korrupsiya əməllərinə yol verməsi xəbərləri ilə rastlaşırıq və onlar da layiq olduqları cəzanı alırlar. Ölkə rəhbərinin “Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır” çağırışını bəzi məmurlar sanki eşitmirlər və bunun acısını da çox ağır formada özləri çəkməli olurlar.
Möhtərəm Prezident cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 saylı Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Sənəddə də qeyd olunduğu kimi, korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual məsələlərdən biri olaraq qalmaqdadır.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul olunmuş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Son illər korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə təkmil qanunvericilik bazası yaradılıb, müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılıb.
Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə məsələsində dövlətin siyasi iradəsinin olması vacib şərtdir. Qətiyyətlə demək mümkündür ki, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsi arzuolunan səviyyədədir.
Ümumiyyətlə, korrupsiya istənilən sahədə inkişafa mane olan siyasi və iqtisadi haldır. Hər hansı bir korrupsiya halının baş verməsi qanunun aliliyinin bərqərar olması, yoxsulluğun aradan qaldırılması, iş yerlərinin açılması kimi mühüm proseslərin ləngiməsini şərtləndirir. Həmçinin dövlət xərclərinin artmasına, təhsilin keyfiyyətinin aşağı düşməsinə, savadsız kadrların hazırlanmasına, regionlara ayrılan dövlət investisiya layihələrinin düzgün idarə edilməməsinə gətirib çıxarır.
Korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Lakin, eyni zamanda, onu da qeyd etmək lazımdır ki, heç bir ölkə korrupsiyadan tam sığortalanmayıb. Amma korrupsiyanın səviyyəsi müxtəlifdir. Elə ölkələr var ki, korrupsiya yox səviyyəsində, bəzilərində isə kifayət qədər yüksəkdir. Bəzi ölkələr inzibati yolla, digərləri isə texnologiyadan istifadə edərək mübarizəni gücləndirir.
Azərbaycanda korrupsiya fəaliyyəti cinayət məsuliyyəti daşıyır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, həm rüşvət alan, həm də rüşvət verən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Digər ölkələrin təcrübəsi göstərir ki, korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır.
Artıq uzun müddətdir, fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir. “ASAN xidmət”də “Vətəndaş həmişə haqlıdır” prinsipi əsas meyar kimi götürüldü və “ASAN xidmət” modeli dünyada Azərbaycan brendi kimi tanındı. “ASAN xidmət”in yaradılmasının kökündə məhz korrupsiya ilə mübarizə, vətəndaşların üzləşdikləri yersiz süründürməçilik hallarının aradan qaldırılması, insan hüquqlarının təmin edilməsi durur. Son illərin təcrübəsi göstərir ki, korrupsiya ilə mübarizə sahəsində aparılan islahatlar öz effektini göstərməkdədir.
Bu xidmət mərkəzlərinin yaradılmasında başlıca məqsəd artıq xərclərin və vaxt itkisinin qarşısını almaq, xidmətlərin göstərilməsində şəffaflığı təmin etmək, korrupsiya faktlarını aradan qaldırmaq, müasir texnologiyaların tətbiqi, elektron sistemə keçid prosesinin sürətləndirilməsidir.
Korrupsiya ümumbəşəri sosial bəladır və ona qarşı mübarizə yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində daha effektiv ola bilər. Bununla əlaqədar Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün əsas konvensiyalara qoşulmuş, korrupsiyaya qarşı beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmiş, habelə Azərbaycan hökuməti, USAİD və Avropa Şurası arasında "Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək" layihəsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Dünyanın bir sıra ölkələrində antikorrupsiya tədbirlərini özündə əks etdirən normativ-hüquqi bazanın mahiyyəti və məzmunu ilə bağlı nüanslar müqayisəli şəkildə öyrənilmiş və bu sahədə yeniliklərin Azərbaycanda tətbiqi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Əlavə olaraq qeyd edim ki, 2004-cü ildən Azərbaycan Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupuna (GRECO) daxil olub. Təşkilatın hesabatına görə, dövlətimiz antikorrupsiya tədbirlərinin yerinə yetirilməsində ilk on ölkə sırasındadır. GRECO və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi də daxil olmaqla əksər beynəlxalq qurumların hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər müsbət dəyərləndirilir.
Nəzərə almaq lazımdır ki, korrupsiya hallarının aşkar edilməsində ictimaiyyətin rolu danılmazdır. Təsadüfi deyil ki, bir müddət öncə ölkə Prezidenti cənab İlham Əliyev əhalini korrupsiyaya qarşı mübarizədə fəal olmağa çağırmışdı. Məhz bunun nəticəsidir ki, son dövrlərdə həbs edilən məmurların qanunsuz fəaliyyətləri barədə məlumatlar elə həmin ictimaiyyət tərəfindən çatdırılıb. Korrupsiyaya qarşı mübarizə formalarından biri də əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılmasından keçir.
Müşahidələr göstərir ki, korrupsiya və rüşvətxorluğun geniş yayıldığı cəmiyyətlərdə aqressiyanın səviyyəsi daha artıq olmaqla, cəmiyyətin davranışlarına da mənfi təsir göstərir. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin təmin edilməsi şərtlərindən biri də bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığının təmin edilməsidir.
Daşkəsən rayonunda da korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə layihələr həyata keçirilir. Kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət qurumlarının öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışlar təşkil olunur, ictimai müzakirələr keçirilir, bu mövzuda müxtəlif videoçarxlar nümayiş olunur, idarə və müəssisələrdə bukletlər paylanılaraq əhali arasında geniş yayılması təşviq edilir.
İşsiz vətəndaşlar rayon ərazisində haqqı ödənilən ictimai işlərə cəlbolunması ilə bağlı müraciətlərini Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsinə edirlər. İlk növbədə şəhid ailəsinin üzvləri, qazilər, Vətən müharibəsi döyüş iştirakçıları və işə daha çox ehtiyacı olan aztəminatlı ailələr nəzərə alınır.
Müraciətlər elektron qaydada aparılır və “DOST İŞ Mərkəzi” MMC tərəfindən yoxlanıldıqdan sonra işə qəbul haqqında əmr verilir. Rayon ərazisində indiyədək haqqı ödənilən ictimai işlərə cəlbolunan işçilərlə bağlı heç bir sui-istifadə halları qeydə alınmamışdır. Gəncə-Daşkəsən Regional Məşğulluq filialının əməkdaşları tərəfindən tez-tez günün müxtəlif vaxtlarında işçilərin dislokasiya yerlərində olması yoxlanılır. Hər ay haqqı ödənilən ictimai işlərə cəlbolunan işçilərin tabeli və dislokasiya yerləri barədə məlumat bir daha dəqiqləşdirilərək Rayon İcra Hakimiyyəti tərəfindən həm “DOST İŞ Mərkəzi” MMC-yə, həm də Gəncə-Daşkəsən Regional Məşğulluq filialına təqdim olunur
Daşkəsən rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxslərin adlı siyahısı ictimaiyyət üçün açıq şəkildə Daşkəsən Rayon İcra Hakimiyyətinin öz rəsmi internet səhifəsində dərc edilir və aktuallığı daim təmin olunur.
Daşkəsən rayonunda İctimai Şura, Apelyasiya Şurası, RİHB yanında Şura, Ağsaqqallar Şurası fəaliyyət göstərir, o cümlədən müxtəlif tədbirlərin həyata keçirilməsi ilə bağlı verilən qərarlarda rayon ərazisində mövcud olan ictimai, qeyri-hökumət, həmkarlar təşkilatlarının, cəmiyyət və birliklərin üzvlərinin iştirakı təmin edilir. 20 dekabr 2022-ci il tarixdə “Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibinin seçilməsi üçün elan verilmişdir.
Rayon ərazisində bu cür tədbirlər ardıcıl keçiriləcək, şəffaflıq və obyektivlik saxlanılmaqla cəmiyyətdə maarifləndirmə işləri davamlı olaraq aparılacaq.
Ruslan Məmmədəliyev
Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin müdiri