Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

KİÇİK VƏ ORTA BİZNESİN İNKIŞAFI AGENTLİYİ DAŞKƏSƏNDƏ ARIÇILIQLA MƏŞĞUL OLAN SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİB

23 dekabr 2022 | 19:12

Dekabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Arıçılıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi” məqsədilə sahibkarlarla görüş təşkil olunub.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, Daşkəsən KOB dostu Muraz Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun məsləhətçisi Asim Zülfəli, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının  Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Dövlət Məşğulluq Agentliyinin Daşkəsən şöbəsinin müdiri Şəhriyar Kazımov, “Kapital Bank”ın Daşkəsən filialının nümayəndəsi Vüqar Musayev, “Xalq” sığortanın Gəncə nümayəndəsi Gülmalı Gülmalıyev, “Paşa” sığortanın Gəncə nümayəndəliyinin əməkdaşı Saleh Nəsibli, Azərbaycan Dövlət Sığorta şirkətinin Gəncə filialının direktoru Anar Əliyev, Azərbaycan Arıçılar Assosiasiyasının Gəncə nümayəndəsi Fizuli Verdiyev, digər əlaqədar qurumlar və rayondan olan arıçı sahibkarlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Daşkəsən RİHB-nin müavini Vüqar Məmmədov bildirib ki, Daşkəsən rayonu arıçılığın qədim mərkəzlərindədir. Bu sahə qədim zamanlardan daşkəsənlilərin təsərrüfat həyatında və məişətində əhəmiyyətli yer tutmuşdur. Belə ki, Daşkəsən rayonunun coğrafi vəziyyəti,  bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bozdağ-Qafqaz arılarına daxil olan mütəxəssislər tərəfindən “qızıl arı” adlandırılan Qabaqtəpə arı populyasiyası Daşkəsən rayonunun Qabaqtəpə kəndi yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır. Təəssüf ki, vaxtilə Daşkəsən rayonunun şöhrəti olan bu qiymətli arı növü və arıçılıq təsərrüfatları son illər xeyli azalmışdır. Qabaqtəpə arısı, həm də ondan alınan təbii dağ balı tələbatda olan qiymətli ixrac məhsullarıdır.

Vüqar Məmmədov diqqətə çatdırıb ki, Daşkəsən rayonunda boz dağ arısının əvvəlki şöhrətini qaytarmaq, arıçılıq ənənəsini yaşatmaq üçün son illər bir sıra tədbirlər həyata keçirilmişdir. Cari ildə “AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi” uğurla icra edilmişdir. Layihə çərçivəsində arıçılığa dair təlimlər keçirilmiş, 24 arıçıya tələb olunan ləvazimatlarla tam təchiz edilmiş ümumilikdə 120 arı ailəsi və müvafiq dərman preparatları verilmiş, həmçinin bu məqsədlə Daşkəsən rayonunun Bayan kəndi ərazisində nektar verən akasiya ağacları əkilmişdir. 2023-cü ildə isə  “Daşkəsən: Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi nəzərdə tutulur.

KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatoru Anar Əliyev KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə geniş məlumat verib və sahibkarları KOBİA-nın imkanlarından yararlanmağa çağırıb.

Digər çıxış edənlər də öz sahələrinə uyğun Daşkəsəndə arıçılığın inkişafına verə biləcəkləri dəstək imkanlarından söz açıblar.

Arıçı sahibkarlar isə istehsal sahəsində qazandıqları uğurlarla yanaşı, qarşılaşdıqları çətinliklərdən, ehtiyac duyduqları məqamlardan danışıb, fikir mübadiləsi aparıblar. Görüşdə sahibkarları maraqlandıran müxtəlif suallar cavablandırılıb.

Daşkəsən KOB dostu Muraz Məmmədov sahibkarların müraciətlərini qeydiyyata götürüb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdiri

Keçidlər