“Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusu müzakirə olunub
Oktyabrın 15-də Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinin yuxarı sinif şagirdləri, müəllimlər və valideynlərlə “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövsunda maarifləndirici tədbir təşkil olunub.
Daşkəsən Rayon İcra Hakmiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə çıxışında bildirib ki, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə aparılan mütəmadi maarifləndirmə və digər təsirli tədbirlər nəticəsində erkən nikahların və qohumlar arasında bağlanan nikahların sayının Daşkəsən rayonunda da azalmasına baxmayaraq, hələ də problem aktual olaraq qalır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. Erkən nikahların baş verməsi qızların təhsildən yayınmasına, bir çox hallarda ailələrdə münaqişələrə, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə, boşanmalara və sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən və qohumlar arasında nikahların uşaq hüquqlarının pozulmasından məişət zorakılığına, doğuş zamanı ana-uşaq ölümlərindən fiziki-psixoloji travmalara kimi çox geniş spektri əhatə edən ciddi fəsadları mövcuddur. Hər şeydən əvvəl erkən nikahlar bu akta sövq olunan yetkinlik yaşına çatmamış qızların, istərsə də oğlanların normal və sağlam inkişafının qarşısını alır. Xüsusilə yetkinlik yaşına çatmamış qızlar bu növ nikahlara sövq olunaraq təhsillərini yarımçıq qoymağa məcbur olurlar. Beləliklə də, hər hansı bir peşəyə yiyələnə bilmirlər. Bu isə o deməkdir ki, onlar gələcəkdə ortaya çıxa biləcək boşanma, cütlərdən birinin vəfat etməsi kimi problemlər qarşısında iqtisadi cəhətdən zəif vəziyyətə düçar olacaqlar. Qızlar erkən yaşlarda bioloji cəhətdən ana ola bilsələr də, analıq hissinin, analığın nə olduğunu tam dərk etmirlər. Çünki onlar hələ uşaqlıq dövrünü yaşayırlar. Aparılan araşdırmalar sübut edir ki, erkən yaşlarında ailə quran qızların 53 faizində psixoloji problemlərlə üz-üzə qalma riski daha çoxdur.
E.Hüseynzadə onu da diqqətə çatdırıb ki, hər birimiz erkən və qohumlar arasında nikahla bir yerdə mübarizə aparmalıyıq. Xüsusilə valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar. Ətrafınızda belə hallarla qarşılaşdığınız zaman müəllimlərinizə və maraqlı şəxslərə məlumat verməkdən çəkinməməlisiniz.
Tədbirdə mövzuya dair müzakirə aparılıb, suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib və maarifləndirici bukletlər paylanıb.