DAŞKƏSƏNDƏ UŞAQLARIN YOL HƏRƏKƏTİ QAYDALARINI VƏ YOL NİŞANLARINI ÖYRƏNMƏSİ ÜÇÜN MAARİFLƏNDİRİCİ MƏŞĞƏLƏ KEÇİRİLİB
Oktyabrın 17-də Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin aşağı sinif şagirdləri üçün təşkil olunan yol hərəkəti qaydalarının təbliğinə dair maarifləndirici məşğələdə Daşkəsən RİHBA-nın YYÇİHMK-nın məsul katibi Elxan Hüseynzadə, Daşkəsən Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru Elşən İsmayılov və məktəbin müəllimləri iştirak ediblər.
Məşğələ Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın 7.4.2.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyıb.
Məşğələni giriş sözü ilə açan RİH-nin məsul işçisi Elxan Hüseynzadə bildirib ki, uşaqların diqqətini yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaq vacibdir.
Rayon YPX-nin əməkdaşı Elşən İsmaylov isə yol hərəkət qaydaları və yol nişanları barədə şagirdlərə geniş məlumat verib, qaydalara dair sualları cavablandırıb, şagirdlərə piyada keçidindən keçmə qaydasını əyani izah edib.
Rayonda yol hərəkəti qaydalarının təbliğinə dair maarifləndirici tədbirlər davam etdiriləcəkdir.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini