Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə treninq təşkil edilib
Sentyabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair treninq keçirib.
Tədbirdə rayonun müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Daşkəsən RİHBA-nın məsul işçisi Elmar Əliyev məruzəsində Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə nəzər salıb, onun zənginliyindən danışıb. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində misilsiz tarixi xidmətlərini, Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın mühüm əhəmiyyətini diqqətə çatdırıb. Dilimizin özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğunu bildirən E.Əliyev bu istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələbləri, Azərbaycan ədəbi dilinin norma və üslubları, xüsusilə rəsmi-işgüzar üslub, durğu işarələrdən düzgün istifadə olunması qaydaları barədə mövzuları izah edib.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Sevil Ələsgərova da mövzuya dair çıxışlar ediblər.
Treninq sualların cavablandırılması və müzakirə ilə yekunlaşıb.