Dəstəfur kəndində səyyar qəbul keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar qəbullar keçirilir. Keçirilən səyyar qəbulların məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar görüş rayonun Dəstəfur kənd sakinləri ilə keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi Azərbaycan tarixində öz layiqli yerini almışdır.
V.Məmmədov vurğulayıb ki, Qazax rayonunun 4 kəndinin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış işğaldan azad edən möhtərəm Prezident cənab İlham Əliyevin xalqımıza növbəti hədiyyəsidir.
Dövlət Başçısının rəhbərliyi ilə Azərbaycan regionda və dünyada böyük nüfuza sahibdir. Azərbaycanın qarşıya qoyduğu məqsədlərin hər biri reallaşdırılır. Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi kimi, Azərbaycan dünyaya günəştək doğacaq. Biz ölkəmizin dünyada artan nüfuzunun və gücünün canlı şahidiyik.
Bu gün Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Azərbaycan Ordusunun yaratdığı reallığın qarşısında heç kim dayana bilməz.
Sonra sakinlərin müraciətləri dinlənilib. Səyyar qəbulda sakinlər tərəfindən əraziyə təbii qaz xəttinin çəkilməsi, kənd yollarının əsaslı təmir olunması, məşğulluqla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.