DAŞKƏSƏN–XOŞBULAQ–ASTAF AVTOMOBİL YOLUNUN YENİDƏN QURULMASI DAVAM ETDİRİLİR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2021-ci il tarixli Sərəncamı əsasında yenidən qurulan Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun uzunluğu 31 km-dir.
Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən yolun 11 km hissəsi köhnə yararsız asfalt, 20 km hissəsi torpaq yoldan ibarət idi. Bu da vətəndaşların rahat gediş-gəlişinə tamamilə çətinlik yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda IV texniki dərəcəli 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması işləri geniş vüsətlə aparılır. Tikinti layihəsinə uyğun olaraq yolboyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidi tikilir.
Görülmüş işlər nəticəsində yolun 5 km-lik hissəsinə artıq 2 qat asfalt-beton örtüyü salınıb. 8 km-lik hissədə asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunur. Yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü borunun quraşdırılması işləri başa çatdırılıb. Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud bir aşırımlı 2 ədəd avtomobil körpüsünün də bərpası nəzərdə tutulub.
Tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəkləri və dayanacaqların quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi aparılacaqdır.
Yeni yolun çəkilməsi ilə yolboyu 9 yaşayış məntəqəsində yaşayan 7 mindən çox rayon sakinin həyat şəraiti yaxşılaşacaq, kənd təsərrüfatının ayrı-ayrı sektorları inkişaf edəcək, turizm üçün geniş imkanlar yaranacaq, yük və sərnişin daşınması asanlaşacaqdır.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini