Daşkəsənli Vətən müharibəsi şəhidləri Vahid Aliyev və Elvin Quliyev anılıb
Oktyabrın 2-də Vətən müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun və əsgər Quliyev Elvin Amil oğlunun Daşkəsən Şəhidlər Xiyabanında anım günləri qeyd olunub.
Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, yaxınları, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Zəfərdən, keçirilən antiterror əməliyyatından, habelə şəhid Vahid Alıyevin və şəhid Elvin Quliyevin qısa, lakin şərəfli həyat və döyüş yolundan söz açıb, şəhidlərin ailə üzvlərinə rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.