DAŞKƏSƏNLİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALÇILARI VƏ FERMERLƏR TƏCRÜBƏ MÜBADİLƏSİ MƏQSƏDİLƏ GÖYGÖL RAYONUNA SƏFƏR EDİBLƏR
İyunun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə rayonun bir qrup kənd təsərrüfatı məhsulları istehsalçıları və fermerləri Göygöl rayonunda fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzində və Heyvandarlıq Kompleksində təcrübə səfərində olublar.
Uğurlu nəticələr əldə etmiş fermerlərin təsərrüfatlarına baxış keçirməklə onların təcrübələrini öyrənmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının iqtisadi imkanlarını genişləndirmək və davamlı inkişafına nail olmaq səfərin əsas məqsədini təşkil edib.
Respublika Süni Mayalanma Mərkəzində tədbir iştirakçılarına kənd təsərrüfatı heyvanlarının süni mayalanması və baytarlıq-sanitariya tədbirləri barədə ətrafı məlumat verilib. Bildirilib ki, heyvandarlığın daha sürətlə inkişaf etdirilməsində, yeni məhsuldar cinslərin yetişdirilməsində, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında və qısırlığın aradan qaldırılmasında süni mayalanmanın çox böyük əhəmiyyəti vardır.
Heyvandarlıq Kompleksində isə tədbir iştirakçıları müasir standartlara uyğun tikilmiş tövlə binasının quruluşu, havalandırılması və işıqlandırma sistemləri, tövlənin temperatur və nəmliyinin tənzimlənməsi, heyvanların yemlənməsi, peyinin təmizlənməsinin avtomatlaşdırılmış qurğularla idarə olunması və bu sahədə işlərin aparılması qaydaları ilə əyani tanış olublar.
Səfər zamanı iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılaraq vurğulanıb ki, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün qabaqcıl təcrübələrin sahibkarlar arasında yayılmasına ciddi fikir verilməlidir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini