Daşkəsənli kənd təsərrüfatı istehsalçıları və fermerlər “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.
“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Ceyrançöl ərazisində yerləşən aqroparkında Cənubi Qafqazda ilk dəfə olaraq müasir suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərindən istifadəyə başlanılıb. Bu texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda tədbir keçirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində İZİA, “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun kənd təsərrüfatı istehsalçıları, aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər iştirak ediblər.
Tədbir iştirakçılarına “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri, həmçinin ən son suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərinin üstünlükləri barədə məlumat verilib, bu texnologiya ilə əkilmiş və müasir suvarma texnologiyaları ilə becərilən qarğıdalı sahəsinə və “Mzuri” əkin texnikası ilə aparılan arpa səpini işlərinə baxış keçirilib.
Diqqətə çatdırılıb ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.