Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN QUŞÇU YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

07 fevral 2023 | 15:15

Fevralın 7-də Daşkəsən rayonunun Quşçu kəndində Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin Daşkəsən xidmət şöbəsinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rayon bölməsi təmsilçilərinin sahibkarlarla keçirdiyi görüşdə rayon ərazisində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı müzakirə aparılıb.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.7-ci bəndinin (ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin davam etdirilməsi) icrası məqsədi daşıyıb.

Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva keçirilən görüşün əhəmiyyətini qeyd edərək deyib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunmuşdur. Daşkəsən rayonunda aqrar sahənin mövcud vəziyyətindən də söz açan Aidə Nağıyeva söyləyib ki, aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, dövlətin göstərdiyi dəstək mexanizmlərdən sahibkarların istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasına tam imkan yaradır.

Aidə Nağıyeva Daşkəsən rayonunda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün geniş potensial imkanların olduğunu, xüsusilə Aqrar Tədarük və Təchizat ASC-nin təşkil etdiyi “Kənddən şəhərə” və digər yarmarkalarda kənd təsərrüfatı istehsalçılarının standartlara, gigiyenik və texniki tələblərə uyğun məhsullarının heç bir maneə olmadan sata bildiklərini vurğulayıb.

Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin Daşkəsən xidmət şöbəsinin mütəxəssisi Elvin Verdiyev rayonda kənd təsərrüfatı istiqaməti üzrə məşğulluğun artırılması, sosial rifahın və məşğulluğun təmin olunmasında kənd təsərrüfatının yeri, kənd əhalisinin gəlirlərinin formalaşmasında dövlətin tənzimləyici rolu barədə söz açıb. Bildirib ki, Daşkəsən rayonunda əhalinin 56,6 faizi kənd yerlərində yaşayır. Bazar iqtisadiyyatı şəraitində rayonda əmək qabiliyyətli işçi qüvvəsinin məşğulluğunun təmin olunması, əməyin gəlirlilik səviyyəsinin yüksəldilməsi və ümumiyyətlə sosial həyat şəraitinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı məsələlər mərhələli surətdə öz müsbət həllini tapır. Son illərdə regionların inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi rayon ərazisindəki kəndlərdə də sosial-iqtisadi mühitin yaxşılaşdırılmasına, miqrasiya proseslərinin zəifləməsinə müsbət təsir göstərmişdir.

Daşkəsən KOB dostu Muraz Məmmədov isə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat verib və sahibkarları əməkdaşlığa dəvət edib.

Görüşdə həmçinin rayonda kənd təsərrüfatı sahəsinin müasir tələblər səviyyəsində inkişafı, elmi və kadr təminatı, torpaqlardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, zəruri infrastrukturun yaradılması barədə geniş fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər