DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU DƏSTƏFUR KƏNDİNDƏ OLUB
Sentyabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Dəstəfur kənd sakinləri ilə səyyar qəbulunu keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Daşkəsən rayonunun da bütün sahələrində inkişafın olduğunu və sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin mütəmadi həyata keçirildiyini bildirib. Ötən dövrlərdə Dəstəfur kəndində görülmüş işlərdən danışan Əhəd Abıyev bununla yanaşı kənd ərazisində həlli vacib olan bir sıra sosial məsələlərə də toxunub. Xüsusilə qeyd edib ki, Mollahəsənli-Əhmədli-Dəstəfur avtomobil yolunun təmiri və kəndin qazlaşdırılması ilə bağlı aidiyyəti üzrə artıq müraciətlər olunmuşdur. Həmçinin Dəstəfur kənd tam orta məktəbinin də əsaslı təmir edilməsi nəzərdə tutulub.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı icra başçısı Əhəd Abıyevə müraciət ediblər. Əhəd Abıyev müraciətçiləri fərdi qaydada dinləyərək aidiyyəti üzrə tapşırıqlarını verib. Bəzi müraciətlər yerində həll edilib, bəziləri də nəzarətə götürülüb.
Vətəndaşlarla yerlərdə görüşlərin mövcud problemlərin öyrənilməsində və operativ həllində geniş imkan yaratdığını qeyd edən Dəstəfur kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini