DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZİVLAN KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB
Dekabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Çanaqçı inzibati ərazi vahidliyinin Zivlan kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı Əhəd Abıyev əvvəlcə sakinləri qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, görülən işlər və qarşıda duran vəzifələrdən söz açıb.
İcra başçısı çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Prezident cənab İlham Əliyevin iqtisadiyyatımızda qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı apardığı davamlı təsirli tədbirlər, həyata keçirdiyi nəhəng infrastruktur layihələri, Azərbaycanda nəqliyyat sisteminin tamamilə yenidən qurulması ölkəmizin dünyaya çıxışını, beynəlxalq aləmdə tanınmasını təmin etmişdir. Məhz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu və dövlət başçımızın simasında sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanı inamlı qələbəyə çatdırdı.
Əhəd Abıyev çıxışında bu ilin iyun ayının 10-da Daşkəsən rayonu ərazisində sel sularının yaratdığı güclü dağıdıcı təbii fəlakətin qəbulun keçirildiyi Zivlan kəndinin də yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə vurduğu ciddi ziyanların dövlətimiz tərəfindən aradan qaldırıldığını, o cümlədən Çanaqçı kəndində selin dağıdaraq apardığı körpünün yerində müasir tipli olmaqla yeni körpünün tikilib artıq sakinlərin istifadəsinə verildiyini qeyd edərək, Daşkəsən rayonuna hər zaman göstərdikləri diqqət və qayğıya görə bütün rayon sakinləri adından Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonra Əhəd Abıyev fərdi qaydada sakinlərin müraciətlərini dinləyib, vətəndaşların qaldırdıqları məsələlərə dair aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib, bir qismi də araşdırılması üçün nəzarətə götürülüb.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini