Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV YUXARI DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB

08 fevral 2023 | 12:32

Fevralın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin və sakinlərin iştirakı ilə Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.  

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək son illərdə respublikamızın, o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, problemlərin həlli üçün görülən ardıcıl tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi davamlı sosial layihələr barədə sakinlərə məlumat verib. İcra başçısı həmçinin qarşıda duran vəzifələrdən və Yuxarı Daşkəsən qəsəbəsində görülən işlərdən danışıb. Qeyd edib ki, qəsəbə əhalisi bu gün fasiləsiz elektrik enerjisi, qaz, rabitə ilə təmin olunur. Habelə 200 şagird yerlik qəsəbə tam orta məktəbinin binası yenidən tikilərək istifadəyə verilib, ərazidə abadlıq işləri aparılıb, çoxsaylı qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq ötən il qəsəbəyə əlavə içməli su xətti çəkilib.

Sonra sakinlərin fərdi qaydada müraciətləri dinlənilib. Müraciətlər qəsəbə daxili yolların asfaltlaşdırılması, uşaq bağçasının əsaslı təmir edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.  

İcra başçısı Əhəd Abıyev sakinlərin qaldırdıqları məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib. Həlli Rayon İcra Hakimiyyəti strukturundan asılı olmayan məsələlərlə bağlı yuxarı orqanlara müraciət edilməsi nəzərdə tutulub.         

Qəsəbə sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər