DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ŞAHVƏLƏDLİ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB
Dekabrın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin ucaq dağ ətəyində yerləşən Şahvələdli kəndində qarlı olan açıq hava şəraitində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev giriş nitqində sakinlərə Prezident cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən əhalinin sosial müdafiəsinə və rifahının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İcra başçısı çıxışında vurğulayıb: “Prezident cənab İlham Əliyevin dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə apardığı müstəqil dövlətçilik siyasəti milli ideologiyamıza əsaslanan maraqlarımızın təminatının, o cümlədən regionda təhlükəsizliyin əsas qarantıdır”.
Əhəd Abıyev həmçinin ötən dövrlərdə rayon ərazisində aparılmış quruculuq, abadlıq işlərindən və qarşıda duran vəzifələrdən söz açıb.
Daha sonra fərdi qaydada sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Şahvələdli kənd sakinləri çıxışlarında elektrik enerjisi, su, məktəb və digər sosial təminatlarla bağlı kəndin heç bir probleminin olmadığını qeyd edərək hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini