DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB
Noyabrın 30-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Quşçu körpüsü qəsəbəsində keçirilən növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və sakinlər iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev giriş nitqində deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsində vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı rayonumuzun bütün sahələrində öz əksini tapır.
İcra başçısı Əhəd Abıyev həmçinin ötən dövrlərdə Quşçu körpüsü qəsəbəsində görülən işlərə toxunaraq xüsusilə vurğulayıb ki, qəsəbə ərazisində qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli tam müasir yaşayış binası tikilərək onların istifadəsinə verilmiş, ən əsası yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik təchizatı yenidən qurulmuş, sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Sonra icra başçısı sözü sakinlərə verib. Müraciətlər əraziyə yeni su xəttinin çəkilməsi, işlə təmin olunma və digər şəxsi məsələlər barəsində olub.
Əhəd Abıyev tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilməklə qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi də nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini