DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QARATAĞLAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB
Dekabrın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Qaratağlar kəndində keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev geniş giriş nitqi ilə çıxış edərək deyib: “Ümummilli Lider Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasətini böyük uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, azad edilmiş torpaqlarda irimiqyaslı infrastruktur layihələrinin icra edilməsi Böyük Qayıdışın reallaşdırılması istiqamətində aparılan təxirəsalınmaz tədbirlərin tərkib hissəsidir. Bu qayıdış Böyük Qayıdış olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, bütün tarixi torpaqlara qayıdışını əhatə edəcəkdir. Prezident cənab İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü etməyə hədəflənib. Ölkə rəhbərimiz cənab İlham Əliyev hər zaman milli maraqlarımızı qətiyyətlə qoruyur, biri-birindən əhəmiyyətli addımları ilə, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla Azərbaycanı daha işıqlı gələcəyə aparır”.
Əhəd Abıyev çıxışında Daşkəsən rayonunda görülən işlər, icra edilən layihələr və qarşıda duran vəzifələrdən də söz açıb.
Sonra Əhəd Abıyev sakinlərin müraciətləri dinləyib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti üzrə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib, bir qisminin də araşdırılması dövlət və hökumət təşkilatlarından xahiş olunub.
Qaratağlar kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini