DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV MUŞAVAQ KƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB
Avqustun 24-də Muşavaq kəndində keçirilən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qəbulunda rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev əvvəlcə kənd sakinləri qarşısında çıxış edib.
Əhəd Abıyev çıxışında vurğulayıb ki, həm partiya sədri, həm Prezident, həm də Müzəffər Ali Baş Komandan kimi Prezident cənab İlham Əliyevin sarsılmaz iradəsi ilə həyata keçirdiyi qətiyyətli siyasət Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın güclü və sabit dövlət olması, vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması üçün bütün sahələr üzrə uğurla davam etdirilir.
İcra başçısı Əhəd Abıyev çıxışında habelə Daşkəsən rayonunda həyata keçirilən infrastruktur layihələri, görülən işlər, eləcə də qarşıda duran vəzifələr barəsində məlumat verib.
Sonra icra başçısı vətəndaşların müraciətlərini dinləyib. Müraciətlər kəndə gələn avtomobil yolunun cari təmir olunması, internet və qaz xəttinin çəkilməsi, o cümlədən digər məsələlərə dair olub.
Əhəd Abıyev qaldırılan məsələlərin həll edilməsi məqsədilə əlaqədar qurumlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.
Muşavaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini