DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV MOLLAHƏSƏNLİ KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB
Sentyabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Mollahəsənli kənd sakinləri ilə səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən icra başçısı Əhəd Abıyev bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşlarla görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır. Əhəd Abıyev o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, mövcud problemlərin aradan qaldırılması üçün görülən tədbirlər, qarşıda duran vəzifələr barədə sakinlərə geniş məlumat verib. Həmçinin qeyd edib ki, ötən dövrlərdə Mollahəsənli kənd tam orta məktəbinin yeni binası tikilərək istifadəyə verilib, ərazidə elektrik, rabitə təsərrüfatları yenidən qurulub, kənd qazlaşdırılıb və əhalinin məşğulluğunun yaxşılaşdırılması üçün işlər aparılıb.
Sonra Əhəd Abıyev qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək səsləndirdikləri problemlərin həllinə dair müvafiq tapşırıqlarını verib. Qaldırılan bir çox məsələlər yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.
Mollahəsənli kənd sakinləri problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini