Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ƏMİRVAR-ƏHMƏDLİ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

04 oktyabr 2022 | 13:26

 

Oktyabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Əmirvar-Əhmədli kəndindəki səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əhəd Abıyev qəbulu giriş nitqi ilə açaraq Prezident cənab İlham Əliyevin tapşırığı ilə rayonun hər bir yaşayış məntəqəsində vətəndaşlarla  keçirilən qəbulların məqsədi sakinlərin öz müraciətlərini uzaq məsafələr qət etmədən bildirməsi, əhalini narahat edən problemlərin öyrənilməsi, rayon səviyyəsində həlli mümkün müraciətlərin yerində həll edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin isə ümumiləşdirilərək aidiyyəti qurumlar qarşısında qaldırılmasıdır. İcra başçısı həmçinin əlavə edib ki, ölkə rəhbərinin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanılır.

Əhəd Abıyev ötən dövrlərdə rayonun Əmirvar kənd inzibati ərazi vahidliyində xeyli abadlıq, quruculuq işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 24,5 km-lik Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi başa çatdırılmış,  80 şagird yerlik Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəbinin binası müasir formada tikilərək istifadəyə verilmiş, əhalinin məşğulluğunun artırılması və turizmə dair bir sıra layihələr icra edilmiş, ərazinin elektrik təsərrüfatı yaxşılaşdırılmışdır. 

Sonra  Əhəd Abıyev istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və ya təklifi olan sakinləri dinləyib.

Kənd sakinləri müraciətlərində təbii qaz xəttinin çəkilməsini, işlə təmin olunmağa kömək edilməsini, genişzolaqlı internet xəttinin çəkilməsini və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı Əhəd Abıyev müraciətlərin həllinə dair tapşırıqlarını verib. Bəzi müraciətlər yerində həll edilib, bəziləri də aidiyyəti üzrə çatdırılması üçün qeydə alınıb.

Əmirvar-Əhmədli kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə  Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər